Kazbek Tuayev: “Dedi ki, yatmayın, onsuz da, sabah qalib gələcəksiz”
30.11.2022 - 10:58
Kazbek Tuayev: “Dedi ki, yatmayın, onsuz da, sabah qalib gələcəksiz”

“Neftçi”nin Moskva “Spartak”ı üzərində qələbə qazanaraq SSRİ çempionatının bürünc mükafatını qazanmasından 56 il ötür. Həmin tarixi uğurda əsas pay sahiblərindən olan Kazbek Tuayev bürünc illə bağlı xatirələrini bir neçə il əvvəl apasport.az saytına açıqlayıb. Həmin yazını yenidən təqdim edirik:

30 noyabr “Neftçi”nin tarixində xüsusi günlərdən sayılır. 56 il əvvəl, məhz bugünkü tarixdə “Neftçi” Moskva “Spartak”ını 3:0 hesabı ilə məğlub edərək, SSRİ çempionatının bürünc medalını qazanıb.

Həmin xatirələri “ağ-qaralar”ın veteran futbolçusu Kazbek Tuayevlə vərəqləyəcəyik. O illərdə Azərbaycanın ən güclü hücumçularından sayılan Tuayev maraqlı məqamları yada salıb.

“Adamın inanmağı gəlmir”
“Hər insanın həyatında həm yaxşı, həm də pis şeylərin baş verdiyi xüsusi günlər olur. Məhz noyabrın 30-da biz SSRİ çempionatının bürünc medalını qazanmışdıq. Açığı, həmin uğurumuzun üstündən bu qədər çox vaxt keçdiyinə adamın inanmağı gəlmir. Çox gözəl tarixdir. Həmin vaxt futbol ümumi respublikada çox məşhur idi. İstənilən şəhərdə, rayonda, qəsəbədə futbolu elə sevirdilər ki... Məsələn, rayonlara, Bakının kəndlərinə gedəndə hər yerdə futbol qapıları, oynayan uşaqlar görürdük. Həmin vaxt möhtəşəm komandamız var idi. 1966-cı ildən əvvəl də, sonra da eyni uğura imza ata bilərdik. Amma əfsuslar olsun ki, yalnız 1 dəfə "bürünc" əldə etdik. Halbuki həmin vaxt 9 futbolçumuz SSRİ-nin müxtəlif yaş qrupu üzrə yığmalarına çağırılırdı. Futbol bizim ölkədə həmişə yüksək səviyyədə olub”. 

“Ələtdən hamı oyunlarımıza baxmağa gəlirdi”
“Həmin il SSRİ çempionatında birinci yeri "Dinamo" tutdu. Bu komandada çıxış edən hər bir futbolçunu indi də xatırlaya bilərəm. Kiyevlilərin heyətində Vadim Sosnixin, Anatoli Suçkov, Vasili Turyançik, Valeri Lobanovski, Oleq Bazileviç, Viktor Kanevski kimi oyunçular çıxış edirdi. Baş məşqçiləri Viktor Maslov əla məşqçi idi. Təbii ki, onlarla mübarizə aparmaq bizə bir az çətin gəlirdi. Çünki həmin mövsümün əvvəlində çoxlu imkanları boşa verdik. Edik Markarov, Tolya Banişevski milli komandanın hazırlıq prosesinə qatılmışdılar, bizim isə həmin vaxt vacib oyunlarımız var idi. Banişevski və digərləri olsaydı, xal itirdiyimiz oyunlarda da qələbə qazanardıq. Daha sonra 10 oyunda qalib gəldik, 1-də heç-heçə etdik. Təbii ki, "bürünc" bizim, eləcə də xalqımız üçün böyük uğur idi. Mən Ələtdə anadan olmuşam. Ələtdən hamı oyunlarımıza baxmağa gəlirdi. Bu cür ajiotaj var idi”.

“Moskvada, Leninqradda bizdən qorxurdular”
“Qapıçımız Sergey Kramarenko idi. Müdafiənin cinahlarında Adil Babayev və Yaşar Babayev çıxış edirdilər. Boqdanov, Bruxti, Semiqlazov, Valeri Hacıyev, Mübariz Zeynalov da möhtəşəm futbolçular idi. Hücum xəttimiz barədə danışmağa ehtiyac yoxdur, orda kimlərin çıxış etdiyini bilirsiz. Moskvada, Leninqradda bizdən qorxurdular. Bu, elə-belə iş deyildi. Çox güclü, möhkəm komandamız var idi. Amma 3-cü yeri tutmağımız, açığı, biz futbolçuları razı salmadı. Bürünc mükafatçılardan hazırda Yaşar Babayev, Kolya Boqdanov, Edik Markarov, Slava Şexov, Arif Rzayev və mən qalmışam, yəni 6 nəfər. Mənim üçün ən çətin müdafiəçi Yaşar Babayev olub. Əla futbolçu idi. Onunla uzun müddət komanda yoldaşı olmuşuq. Amma əvvəllər bir-birimizə qarşı da oynamışıq. Mən Yaşarı uşaqlıqdan tanıyıram. Həmin heyətdən sağ qalanlarla, təbii ki, əlaqə saxlayırıq. Boqdanov Kiyevdə yaşayır. Ediklə zəngləşmirik, amma Moskvada olanda görüşürük. Çünki bir yerdə böyümüşük, uşaqlıqdan Bakı "Lokomotiv"inin heyətində şəhər birinciliyində birgə çıxış etmişik. Onun atası mənim məşqçim olub. Yeri gəlmişkən, Bakı "Lokomotiv"i Markarov, Tuayev, Banişevski və Smolnikov kimi oyunçular yetişdirib. Dünyasını dəyişənlərə Allah rəhmət etsin”. 

“Bizə heç məşqçi lazım deyildi”
“Mövsümün əvvəlində qarşımıza heç bir tapşırıq qoyulmamışdı. Çünki həmin vaxt özbaşınalıq idi. Bu barədə danışmaq istəmirəm. Məşqçimiz Vasili Sokolov çox yaxşı insan idi. Amma o, bizim mentaliteti başa düşmürdü. Sokolov moskvalı idi və heç cür bizim auraya uyğunlaşa bilmirdi. Biz bakılılar başqa cür həyata öyrəşmişdik, bir-birimiz arasında hörmət, sonuna qədər dostluq münasibəti hökm sürürdü. Sokolovu məşqçi kimi dinləyirdik, amma o komandada kənar fiqur idi. Sonra rəhbərliyə Sokolovla işləmək istəmədiyimizi dedik və məsələ həll olundu. O getdi, yerinə Əhməd Ələsgərov gəldi. Həmin vaxt xahiş etmişdik ki, bizə öz məşqçimiz lazımdır. Əslində, onda bizə heç məşqçi lazım deyildi, çünki bütün təlim-məşq toplanışlarını keçmişdik. Deyirdik ki, sadəcə, bizə mane olmayın. Birinci dövrənin sonunda Əhməd Ələsgərov baş məşqçi, Şövkət Orduxanov isə komandaya rəis gəldi. Onların gəlişi müsbət təsir etdi. Başladıq əla oyun göstərib, qələbələri sıralamağa. Amma mövsümün sonunda bütün futbolçular heyfsiləndilər ki, 2-ci yox, 3-cü yeri tutduq. Çünki gümüş mükafatçı "Rostov"u evdə 4:1, səfərdə isə 3:1 hesabı ilə məğlub etmişdik. Amma yekunda biz 3-cü, onlar isə 2-ci yeri tutdular”.

“Onlarla məzələndik, bir də baxdıq ki...”
"Spartak"la oyuna çıxanda bilirdik ki, qələbə qazanacağıq, buna heç şübhə etmirdik də. Həmin matça kimi MOİK ilə oyunumuz oldu, o görüşdə məzələndik və bir də baxdıq ki, matç heç-heçə bitib. "Spartak"la görüşdə isə bizi heç-heçə də qane edirdi. Amma gedişata çox əsəbləşmişdik. "Spartak"a 3:0 hesabı ilə qalib gəldik. Lakin hesab 5:0, 10:0 da ola bilərdi”.

“Bağışlayın məni, özüm də "qara"yam”
“1966-cı ildəki uğurda bu komandanı quran Ələkbər Məmmədov da böyük rol oynamışdı. Amma ona sona qədər işləməyə imkan vermədilər. Bir anlıq təsəvvür edin ki, 1953-cü ildə Stalin ölüb, 1 il sonra isə Ələkbər Məmmədov SSRİ çempionu olub. Hansı ki, onda bütün "qara"ları Moskvadan qovurdular. Bağışlayın məni, özüm də "qara"yam. 1954-cü ildə çempion olan Ələkbər Məmmədov 1955-ci ildə DTK "Dinamo"sunda eyni uğura imza atıb. Bizi yığan da o olmuşdu. Hamımız yerli oyunçularıydıq, gəlmə yox idi. Ələkbər Məmmədov bizim müəllimimiz olub, ona ömrüm boyu borclu qalacam. 1966-cı ildə SSRİ yığmasına 5 futbolçumuz - Bruxti, Kramarenko, Tuayev, Banişevski və Markarov çağırılmışdı. Biz SSRİ-nin ən yaxşı 33 oyunçusunun sırasına düşmüşdük, bu, böyük uğur idi”.

“Vay, dədəm, vay...”
“Həmin mövsüm ən çətin oyunumuz Odessa OİK-nə qarşı oldu. Biz artıq özümüzü yüksəklərdə hiss edirdik, burnumuz göyə qalxmışdı, eyforiyaya qapılmışdıq (gülür). Öz meydanımızda onlarla oynayırdıq. İlk hissədə 2 top buraxdıq. Vay, dədəm, vay... Skandal yarandı, oyunumuz alınmırdı. İkinci hissədə isə çətinliklə 3 qol vurub, qalib gəldik. Bu matç 1966-cı ildə olmuşdu. Maraqlısı ondadır ki, 1 il sonra, yəni 1967-ci ildə də onlarla görüş eyni ssenari üzrə keçdi. Yenə 2 top fərqi ilə uduzurduq, sonra 3 qol vurub qalib gəldik (gülür)”.

“Çox söz-söhbət yayıldı ki, guya biz Kiyevdəki oyunu almışıq”
“Medalçılar sırasına düşmək barədə düşünmürdük. Sadəcə, meydana çıxıb, qalib gəlirdik. Düzü, bizi yalnız çempionluq qane edirdi. Çünki komandamız güclü idi. Mövsümün əvvəlində çox xal itirdik. Sonra isə Kiyev "Dinamo"suna çatmaq artıq çətin idi. Niyə? Təkcə onu deyim, biləsiz ki, 1966-cı ildə "Dinamo"nun futbolçuları maaş və mükafatlarını dollarla alırdılar. Buna baxmayaraq, həmin il orda onlara qalib gəlmişdik. Bakıdakı görüşdə isə hansı hesabın qeydə alındığı yadıma gəlmir (“Neftçi” – “Dinamo” matçı qolsuz bərabərliklə başa çatıb – T.M.). Çox söz-söhbət yayıldı ki, guya biz Kiyevdəki oyunu almışıq”.

“Ermənini söyüb, pulu verdim Vadimə”
"Dinamo"da dostlarımız oynayırdı, aramızda qarşılıqlı hörmət var idi. Vadim Sasnixin mənim yaxın dostlarımdan biri idi. Onunla bağlı maraqlı bir əhvalat yadıma düşdü. Sasnixin Bakıya "QAZ-21" markalı maşınını satmağa gələndə ona "atıb", pulunu verməmişdilər. Evdə oturmuşdum, heç nədən xəbərim yox idi. Birdən qapı döyüldü, yoldaşım gəldi ki, dostundur. Dedim burax, gəlsin. Vadimi görəndə çaşıb qaldım. Dedim ki, burda nə edirsən, mənim evimi necə tapdın? Başına gələni danışdı, məndən kömək istədi. Sən demə, onun maşınını alan erməni mənim alt mərtəbədəki qonşum imiş. Dedim, gəl gedək, ermənini söyüb, pulu alıb verdim Vadimə (gülür). Sonra aparıb yola saldım, çoxlu pulla getdi. Erməni bununla danışanda bir dəfə ağzından qaçırıb ki, Kazbek Tuayev qonşumdu. Beləcə gəlib mənim evimi tapmışdı (yenə gülür)”.

“Mənə və Banişevskiyə 2 ev vermişdilər”
“SSRİ vaxtı "Neftçi"nin futbolçuları 180 rubl maaş alırdılar. Çox böyük maaş idi. Bir də hər qələbəyə görə 40-50 rubl "premiya" verilirdi. Bürünc medalı qazananda Gəncədən bizə xalçalar hədiyyə etdilər. Bundan əlavə, ayrı-ayrılıqda hər təşkilat 100 rubl mükafat verdi. Bütün respublikanı gəzdik, xalq bizi qarşıladı. Yadımdadır, görüşlərin birində aşıq Pənah Pənahov saz çalırdı, bir sözlə yaxşı xatirələr idi (gülür). Maşın və evi isə bizə həmişə verirdilər. Kim deyir ki, indi futbolda böyük pullar var, siz o vaxt az alırdız, səhv edir. Biz həmin vaxta görə çox yaxşı maaş alırdıq. Maşın, ev verirdilər, instituta pulsuz qəbul edirdilər. Mənim özümə, Banişevskiyə 2 ev vermişdilər. Əli Əmirov, Əli Ləmbəranski, Mamed İsgəndərov sağ olsunlar. Onlar insan yox, Allah idilər, qeydimizə çox yaxşı qalırdılar”.

“Bir az yuxarı qalxanda burnumuz da göyə qalxır”
“Azərbaycanda futbolu o qədər sevirdilər ki, küçəyə çıxmaq olmurdu. Mən AZİ-də (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) oxuyurdum. İnstituta gedəndə camaat o saat gəlib söhbətə tuturdu. Onda avtoqraf almaq yox idi. Sadəcə, soruşurdular ki, niyə o epizodda qol vura bilmədin, topu niyə üstdən vurdun? Stadionlarımız dolu olurdu. Məşqə o qədər adam gəlirdi ki, paltardəyişmə otağına girmək olmurdu. Niyə bu cür komanda sonra da eyni uğuru təkrarlaya bilmədi? Bu, çox ciddi mövzudur. Açıq danışacam, sonra bizdə ayrılıqlar, paxıllıq başlandı. Elə xalqıq ki, bir az yuxarı qalxanda burnumuz da göyə qalxır. Ondan sonra yaxşı ortabab komanda olduq, həmişə 5-6-cı yerlərdə qərarlaşırdıq”.

“O qədər güldürdü ki, səhər saat 5-ə qədər yata bilmədik”
“O qədər gülməli məqamlar olub ki... Amma çoxu mətbuata çıxarılası deyil (gülür). Bir-ikisini danışacam. 1967-ci ildə Moskvada MOİK ilə kubok oyununa çıxmışdıq. "Lujniki" stadionu ağzına qədər dolmuşdu. Banişevski təmiz qol vursa da, hakim saymadı. Nəticədə qalmaqal yarandı. Başladıq hakimlə mübahisə etməyə. Əli Əmirov da stadionda idi. Dedi ki, çıxın meydandan, biz də çıxdıq (gülür). Sonra federasiya işə qarışdı. Ondan sonra Əmirov meydana qayıtmağımızı istədi. Birinci oyun 0:0 hesabı ilə nəticələndi. Cavab matçında iki oyunçumuz qırmızı vərəqə aldı, nəticədə 0:1 hesabı ilə uduzduq. Moskva "Spartak"ı ilə oyundan öncə isə Bilgəhdə, sanatoriyada məskunlaşmışdıq, matça hazırlaşırdıq. Bizimlə görüşə çoxlu artistlər gəlmişdi. Oqtay Ağayev yaxın dostum idi. O da gələnlərin sırasında idi. Bizi o qədər güldürdü ki, səhər saat 5-ə qədər yata bilmədik. Dedi ki, yatmayın, onsuz da, sabah qalib gələcəksiz. Elə də oldu. Meydana çıxıb, “Spartak”a 3 cavabsız qol vurduq”.

“Neftçi”nin 1966-cı ildəki heyəti

Qapıçılar
Sergey Kramarenko – 34 oyunda 25 qol buraxıb.
Zahid Hüseynov – 3 oyunda 2 qol buraxıb.
Vyaçeslav Şexov – 3 oyunda 1 qol buraxıb.

Müdafiəçilər
Vyaçeslav Semiqlazov – 36 oyunda 1 qol vurub.
Vladimir Bruxti – 35 oyunda 1 qol vurub.
Yaşar Babayev – 20 oyun keçirib.
Adil Babayev – 14 oyun keçirib.
Ravil Cəlilov – 9 oyun keçirib.
Arif Rzayev – 9 oyun keçirib.
Rafik Batrayev – oyun keçirməyib.
Vyaçeslav Lyoqki – oyun keçirməyib.
Boris Falkovski – oyun keçirməyib.

Yarımmüdafiəçilər
Aleksandr Trofimov – 33 oyunda 1 qol vurub.
Anatoli Qrzayev – 26 oyun keçirib.
Nikolay Boqdanov – 25 oyun keçirib.
Mübariz Zeynalov - 20 oyunda 1 qol vurub.
Valeri Fyodorçev – 6 oyun keçirib.
Anatoli Qerasimov – oyun keçirməyib.
Vitali Xluçin – oyun keçirməyib.
Vladimir Marçenko – oyun keçirməyib.

Hücumçular
Valeri Hacıyev - 34 oyunda 4 qol vurub. 
Kazbek Tuayev - 34 oyunda 14 qol vurub.
Eduard Markarov – 26 oyunda 12 qol vurub.
Sergey Melkumov - 18 oyunda 5 qol vurub.
Yuri Melkumov - 16 oyunda 4 qol vurub.
Anatoli Banişevski - 14 oyunda 12 qol vurub.
Nizami Salahov - 8 oyun keçirib.
Anatoli Oqirçuk – 5 oyun keçirib.
Yuri Stekolnikov - 2 oyun keçirib.
Nadir Eynullayev – 1 oyun keçirib.
Rudolf Atamalyan – oyun keçirməyib.
Vyaçeslav Qusarov - oyun keçirməyib.

“Neftçi”nin 1966-cı ildə SSRİ çempionatında keçirdiyi oyunlar
10.04.1966. "Neftçi" (Bakı) -"Dinamo" (Minsk) - 0:0 
15.04.1966. "Neftçi" (Bakı)-"Krılya Sovetov" (Kuybışev) - 0:0 
21.04.1966. "Neftçi" (Bakı) - "Dinamo" (Moskva) - 1:0 
26.04.1966. "Neftçi" (Bakı) - "Şaxtyor" (Donetsk) - 2:0 
03.05.1966. MOİK (Moskva) - "Neftçi" (Bakı) - 1:1 
08.05.1966. OİK (Odessa) - "Neftçi" (Bakı) - 1:1 
13.05.1966. "Neftçi" (Bakı) - OİK (Rostov-na-Donu) - 4:1 
19.05.1966. "Neftçi" (Bakı) - "Torpedo" (Kutaisi) - 7:0 
25.05.1966. "Zenit" (Leninqrad) - "Neftçi" (Bakı) - 3:1 
02.06.1966. "Kayrat" (Almatı) - "Neftçi" (Bakı) - 1:0 
08.06.1966. "Paxtakor" (Daşkənd) - "Neftçi" (Bakı) - 3:2 
13.06.1966. "Neftçi" (Bakı) - "Çernomorets" (Odessa) - 1:0 
19.06.1966. "Neftçi" (Bakı) - "Dinamo" (Kiyev) - 0:0 
03.07.1966. "Dinamo" (Tbilisi) - "Neftçi" (Bakı) - 1:0 
08.07.1966. "Ararat" (Yerevan) - "Neftçi" (Bakı) - 2:0 
14.07.1966. "Neftçi" (Bakı) - "Lokomotiv" (Moskva) - 2:0 
21.07.1966. "Spartak" (Moskva) - "Neftçi" (Bakı) - 2:1 
28.07.1966. "Neftçi" (Bakı) - "Torpedo" (Moskva) - 2:0 
02.08.1966. "Dinamo" (Moskva) - "Neftçi" (Bakı) - 2:0 
15.08.1966. "Neftçi" (Bakı) - "Ararat" (Yerevan) - 0:0
20.08.1966. "Çernomorets" (Odessa)- “Neftçi” (Bakı) - 1:0 
30.08.1966. OİK (Rostov-na-Donu) – “Neftçi” (Bakı) - 1:3 
03.09.1966. "Lokomotiv" (Moskva) – “Neftçi” (Bakı) - 0:0 
08.09.1966. “Neftçi” (Bakı) - "Dinamo" (Tbilisi) - 3:2 
13.09.1966. "Torpedo" (Kutaisi) – “Neftçi” (Bakı) - 0:1 
22.09.1966. "Krılya Sovetov" (Kuybışev) – “Neftçi” (Bakı) - 2:3 
26.09.1966. "Neftçi" (Bakı) - "Zenit" (Leninqrad) - 3:0 
30.09.1966. "Neftçi" (Bakı) - "Kayrat" (Almatı) - 3:0 
04.10.1966. "Neftçi" (Bakı) - "Paxtakor" (Daşkənd) - 5:0 
19.10.1966. "Torpedo" (Moskva) – “Neftçi” (Bakı) - 1:2 
22.10.1966. "Dinamo" (Minsk) – “Neftçi” (Bakı) - 0:0 
30.10.1966. "Şaxtyor" (Donetsk) – “Neftçi” (Bakı) - 1:0 
08.11.1966. "Neftçi" (Bakı) - OİK (Odessa) - 3:2 
16.11.1966. "Dinamo" (Kiyev) – “Neftçi” (Bakı) - 1:2 
24.11.1966. "Neftçi" (Bakı) - MOİK (Moskva) - 0:0 
30.11.1966. "Neftçi" (Bakı) - "Spartak" (Moskva) - 3:0
 

0