
“Karvan”ın baş məşqçisi Kənan Kərimov Apasport.az saytına müsahibə verib.
- Görünür ki, "Karvan" artıq transfer çalışmalarına başlayıb. Vəziyyət nə yerdədir? İstədiyiniz oyunçuları komandaya dəvət edə bilirsiz?
- Bəli, transferlərə start vermişik. Yeni heyət formalaşdırırıq. Ötən mövsüm bizə kömək edən oyunçuları da komandada seleksiya məşqlərindən keçirəcəyik. Özünü yaxşı tərəfdən göstərənlər bizə kömək edəcəklər. Düzdür, transfer sarıdan hazırda çətinliklərimiz var. İstər azərbaycanlı, istərsə də legionerlər baxımından belədir. Azərbaycanlı futbolçular məsələsinə gəldikdə, istədiyimiz oyunçuların klubları ilə müqavilələri davam edir.
- Komandada neçə legioner olacaq? Bununla bağlı hansısa sərhəd var ki, məsələn, maksimum 5 legioner olmalıdır? Yoxsa, elə bir şey yoxdur?
- Yeni komanda formalaşdırdığımızı dedim. Hazırda axtarışdayıq. Bəyəndiyimiz oyunçularla danışıqlar aparırıq. Hansı futbolçuların bizə kömək ola biləcəyini qətiləşdirsək, komandaya dəvət etməyə çalışacağıq.
- Komanda Yevlaxda qalacaq, kollektivdəkilər orada yaşayacaq. Bu mənada, yerli və ya legionerləri transfer məsələsində razı salmaq çətin olmur ki? Bölgədə qalmalarına razı salmaq mənasında...
- Bayaq dediyim çətinliklər arasında bu da var. Bəzi futbolçular var ki, ailələrini Yevlaxa gətirmək istəyir. Sadəcə daha yaxşı şəraitli yerlər istədikləri üçün transferi alınmayanlar da var. Buna baxmayaraq, transfer çalışmalarımızı davam etdiririk. Yaxın 2-3 gündə problem olmasa, bir neçə əcnəbi və yerlilər var ki, onlarla müqavilə imzalanacaq.
- Adətən uzun illərdən sonra yüksək liqaya geri qayıdan klublar yaşlı olsa da, super transferlər edir. Maraqlıdır, Premyer Liqaya uzun illərdən sonra geri qayıdan klub olaraq, ulduz oyunçu transferiniz olacaq?
- Xeyr, heç bir supertransfer nəzərdə tutmamışıq.
- Bir ara Belçika millisinin, “İnter” və “Roma”nın sabiq üzvü Radja Nainqqolanın keçidi gündəmə gəlmişdi. Hazırda isə o, Belçika II Liqasında oynayır. Onunla danışığa yenidən keçməmisiz?
- Doğrudur, keçən il I Liqada olanda Nainqqolan məsələsi gündəmə gəlmişdi. O söhbət də belə olmuşdu ki, Nainqqolanın meneceri onun xidmətini bizə təklif etmişdi. Açığı, söhbət də getdi. Lakin elə orada da qaldı, Nainqqolan söhbəti bağlandı.
- Bəs, "Karvan"ın ev oyunlarını Yevlaxda keçirəcəyi dəqiqləşdi? Deyəsən, stadionun ot örtüyü təbii yox, süni örtüklü olacaq, doğrudur?
- Bəli, elədir. Ot örtüyü ilə bağlı yenidənqurma işlərinə sürətli şəkildə start verilib. Çalışacağıq ki, ilk ev oyununu öz azarkeşlərimizin qarşısında oynayaq. İndiki stadionumuz süni örtüklü olacaq. Təbii örtüklü olsaydı, biz artıq bir ilimizi itirə bilərdik. 12-ci oyunçumuzun ev oyunlarında elə Yevlaxda bizə dəstək olmasını istəyirik. Bilirsiz ki, süni örtüklü meydança təbii örtüklü meydançadan daha tez əmələ gəlir. Ona görə də, süni örtüklü meydançada oynayacağıq.