"Kəpəz"in portuqaliyalı qapıçısı: "Qarabağ" "Benfika" ilə düşsə... " - Müsahibə
17.12.2023 - 14:21
"Kəpəz"in portuqaliyalı qapıçısı: "Qarabağ" "Benfika" ilə düşsə... " - Müsahibə

"Kəpəz"in portuqaliyalı qapıçısı İqor Rodriqesin apasport.az saytına müsahibəsi:

- "Kəpəz" son turda "Sumqayıt"la qarşılaşdı və 1:1 hesabı qeydə alındı. Matç sizin üçün necə keçdi? Qələbə qazana bilməməyinizə səbəb nə oldu? 

- Fikrimcə, çox yaxşı oyun alındı. Oyun mənim üçün yaxşı keçdi. “Sumqayıt” yaxşı futbol sərgiləyir və təsadüfi deyil ki, turnir cədvəlində yaxşı yer tuturlar. Düşünürəm ki, yaratdığımız qol epizodlarından istifadə etsəydik, matçdan üç xalla ayrıla bilərdik.

- “Kəpəz” ev oyunlarını Gəncədə deyil, Tovuzda keçirir. Bu, komandanın nəticələrinə birbaşa təsir göstərir? 

- Təbii ki, azarkeşlərin gücünə görə Gəncədə oynamaq bizə fayda verərdi. Lakin onlar həmişə orada olmaqda israrlıdırlar. Bu, bizim üçün əlavə dəyərdir.

- “Kəpəz”in son matçlarda əsas ulduzu Giorgi Papunaşvilidir. Razısan?

- Papu yaxşı anlarını yaşayan və şübhəsiz ki, komandaya kömək edən çox yaxşı futbolçudur. Bununla belə, mən kollektivə inanıram. Ümumilikdə komandanın yaxşı səviyyədə olduğunu düşünürəm. 

- Bilirik ki, əvvəllər Portuqaliyada yaxşı klublarda oynamısan. Hətta "Benfika"nın da futbolçusu olmusan. Orada niyə möhkəmlənə bilməmisən? Həmin vaxtı hansı qapıçılarla rəqabət aparırdın?

- Bəli, “Benfika”da oynamışdım. Həmin vaxtı 24 yaşım var idi və icarəyə yollanmaq ehtimalım yaranmışdı. Bunun mənim üçün ən yaxşısı olacağını düşünürdüm. Üç müxtəlif klublarda icarədə oynamışdım.

- Azərbaycan Premyer Liqasında hegemonluq edən "Qarabağ" Avropa Liqasında "Benfika" ilə qarşılaşa bilər. Belə olmasını istəyərdin? Yəqin ki, stadiona gedib sabiq komandanı canlı izləmək istəyəcəksən?

- Əgər, “Qarabağ” “Benfika” ilə düşəsi olsa, çətin ki, oyunu izləyə bilim. Çünki Bakıdan çox uzaqda yerləşən Gəncədə qalırıq, məşqlərimizi də burada edirik. Ona görə deyirəm ki, “Benfika” Bakıya gələsi olsa, matça getmək şansım çox azdır. Amma “Qarabağ" “Benfika” ilə düşsə, çox yaxşı oyun olacaq. Əsl izləməli görüşdür. 

- “Kəpəz"də əsas qapıçısan. 100 faizlik potensialın budur, yoxsa daha yaxşı ola biləcəyini düşünürsən? Demək olar ki, digər qapıçılarla rəqabətdə qalib gəlmisən?

- Mən həmişə daha yaxşı ola biləcəyimə inanıram. Bunun üçün isə hər gün işləyirəm. Komandama kömək olmağa çalışıram. 

- Ümumiyyətlə, "Kəpəz"in sonuncu pillədə olmamaq şanslarını, daha da yuxarı yerlərə qalxmasını necə qiymətləndirirsən? Səncə, "Kəpəz" daha da yuxarı pillələrdə yer alacaq?

- Komanda çox inkişaf edib və daha rəqabətlidir. Biz oyun-oyun düşünürük. Böyük planlar qurmağa ehtiyac yoxdur. Çalışırıq ki, bütün oyunlarda yaxşı nəticələr qazanaq.

- Gəncədə yaşayırsınız. Oradakı həyatınız necə gedir? Sənin üçün maraqlı, sıxıcı gələn nəsə var?

- Mən Gəncədə yaşamağı çox sevirəm. Burada insanlar möhtəşəmdir. Məni çox yaxşı qarşıladılar. Yavaş-yavaş şəhərin ən yaxşı yerlərini tanımağa başlayıram. Gəncəni çox sevirəm.

0