Kərimovdan "Sabah" etirafı: SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ
08.09.2026 - 14:12
Kərimovdan "Sabah" etirafı: SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ

“Sabah”ı “Old Trafford”da çətin oyun gözləyir”.

Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.

O, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq “Sabah”ın şanslarını dəyərləndirib:

“Biz İngiltərə Premyer Liqasında çıxış edən bir klubdan danışırıq. Ötən il “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biri olan “Liverpul” daxili çempionatda son illərin ən pis çıxışlarından birini göstərirdi. Buna baxmayaraq, Mersisayd təmsilçisi “Qarabağ”ı 6 cavabsız qolla məğlub etməyi bacarmışdı. Buna görə də Premyer Liqa komandalarının hansı vəziyyətdə olmasından asılı olmayaraq, ən yüksək səviyyədə oyun nümayiş etdirəcəklərinə əminəm.

Bu, İngiltərə futboluna xas olan gedişatdır. Komandalar çempionata istədikləri kimi başlaya bilmirlər. Çünki rəqiblər bir-biri ilə başabaş mübarizə aparırlar. Həm maliyyə baxımından, həm də futbolçu keyfiyyətinə görə dünyanın ən güclü çempionatı sayılır. Ona görə də “Mançester Yunayted”in xal itkisi ilə başlaması normal hadisədir. Həmçinin, “qırmızı şeytanlar” son dövrlərdə komandaya yeni futbolçuların cəlb edilməsində çətinlik çəkir, tez-tez baş məşqçi dəyişiklikləri ilə bağlı problemlərlə üzləşirlər.

Azarkeşlər qəddardırlar. Biz özümüzün nə olduğumuzu, kim olduğumuzu unuduruq. Yerli çempionatımızla Premyer Liqanı eyni tərəziyə qoymaq düzgün deyil. Bu, sadəlövhlük olardı. “Sabah” bu görüşdən qalib ayrılsa, sensasiya olar. Komanda mübarizə aparacaq, hətta xal belə qazana bilər. Lakin ümumi götürdükdə, səviyyə baxımından çox aşağıdayıq. Bunu qəbul etməliyik.

Əlbəttə, “Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması böyük inkişafdır. Burada qələbə barədə düşünməkdənsə, keçiriləcək oyunlardan həzz almaq və komandalarımızın çatışmayan cəhətlərini görmək üçün bundan yaxşı fürsət kimi istifadə etmək lazımdır. Nəyi bacarmadığımızı bizə daha aydın şəkildə göstərəcək.

Kimlə oynadığımızı bilirik. Dünyanın ən köklü və sayılıb-seçilən klublarından biri ilə qarşılaşacağıq. Dəfələrlə bu arenalarda kuboklar qazanmış kluba qarşı meydana çıxacaq “bayquşlar”. Proqnoz vermək çətindir. Hazırda Bakı təmsilçisinin heyətində bir neçə zədəli futbolçu da var. Onların bu görüşə nə dərəcədə hazır olduğunu bilmirik. “Bayquşlar”ın müdafiəsinin əsas dayaqlarından biri olan Stiv Solvetin olmaması komandanın işini çətinləşdirə bilər.

“Adam-adama” anlayışını nə dərəcədə gerçəkləşdirə biləcəyini bilmirəm. Lakin “Sabah” arxa hissədə rəqibin heç bir futbolçusunu boş buraxmamalıdır. Yaxud biz arxadan oyun qurarkən onların pressinqindən çıxmaq lazım gələcək. Təbii ki, bunu sözlə demək asandır. Amma bunu həyata keçirə biləcək futbolçu keyfiyyəti varmı?

“Sabah”ın ümumi büdcəsi “Yunayted”in ehtiyat oyunçular skamyasında oturan bir futbolçunun maliyyəsinə bərabər səviyyədədir. Burada hər şey bizdən asılı deyil. Fikrimcə, “bayquşlar” bu görüş üçün əllərindən gələni edəcəklər. Düşünürəm ki, “Sabah”ın oyun üslubunda rəqibin müdafiəsini əks-hücumlarda yaxalaya biləcək futbolçular var. Lakin “qırmızı şeytanlar”ın bütün hücumlarının qarşısını ala biləcəyikmi, bunu demək çətindir. Amma əminəm ki, əks-hücumlarda şanslarımız olacaq”.