Krakov-2023: Badmintonçularımızdan iki qələbə, iki məğlubiyyət - YENİLƏNİB
26.06.2023 - 18:36
Krakov-2023: Badmintonçularımızdan iki qələbə, iki məğlubiyyət - YENİLƏNİB

Bu gün Krakov-2023 III Avropa Oyunlarında badminton yarışlarına start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının təmsilçiləri də mübarizəyə qoşulub.

Badmintonçularımız qrup mərhələsində ilk turun oyunlarını keçirib. Fərdi yarışlarda günü qələbə ilə başa vuran raketka ustalarımız cütlərin yarışında uğursuzluqdan qaça bilməyib.

Kişilərin fərdi mübarizəsində Edi Reski Dviçayo Luis Enrike Penalverə (İspaniya) qalib gəlib – 2:1 (21:16, 17:21, 21:14). Qadınların yarışında Keyşa Fatimə Zəhra litvalı Samanta Qolubiçkayteni 2:0 (21:16, 21:19) hesabı ilə üstələyib.

İdmançılarımız cütlərin mübarizəsinə də qatılıb. Edi komanda yoldaşı Ezmi Qovimuramadhoni ilə birlikdə çıxış edib. Onlar böyük britaniyalılar Ben Leyn və Şeyn Vendiyə 0:2 (8:21, 10:21) hesabı ilə uduzub.

Keyşa isə Era Məftuha ilə cütdə qüvvəsini sınayıb. Təmsilçilərimiz İspaniyadan olan Klara Azurmendi və Beatriz Korralesə məğlub olub – 0:2 (5:21, 17:21).

Qeyd edək ki, qrup mərhələsinin II turu sabah keçiriləcək. Keyşa moldovalı Vlada Qinqa, Edi bolqarıstanlı Dimitar Yanakiyevlə üz-üzə gələcək. Kişilərdən ibarət cüt Covanni Qreko və David Salut (İtaliya), xanımlar Debora İlie və Şeril Seynen (Niderland) dueti ilə qarşılaşacaq.

0