Krakov-2023: Bağlanış mərasimi başa çatdı
03.07.2023 - 00:28
Krakov-2023: Bağlanış mərasimi başa çatdı

Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunları başa çatıb.

Apasport.az saytının Krakova ezam olunmuş əməkdaşını məlumatına görə, bu gün yarışın bağlanış mərasimi keçirilib.

Tədbir Krakovun “Henik Reyman” stadionunda baş tutub. Mərasimdə Polşa və bəzi Avropa ölkələrinin rəhbər şəxsləri, Beynəlxalq və Avropa Olimpiya Komitələrinin rəsmiləri iştirak ediblər.

Mərasim Polşanın dövlət himni ilə start götürüb. Ardınca iştirakçı ölkələrin bayraqları arenaya gətirilib. Azərbaycanın bayraqdarı Krakov-2023-də boks yarışında gümüş medal qazanan Məhəmməd Abdullayev olub.

Daha sonra bədii hissə çərçivəsində müxtəlif rəqs kompozisiyaları nümayiş etdirilib. Yerli ifaçılar mahnılar ifa ediblər. Onlar arasında Viki Qabor, Sara Ceyms və Di-Cey Qromi də yer alıb. Bu zaman  idmanda vacib amillər olan yarışdan əvvəl, ikinci nəfəs, məşqçi, hörmət, yeni çağırış, könüllülər və qələbəni əks etdirən anlar nümayiş olunub.

Mərasimində bayrağın növbəti Oyunların ev sahibinə ötürülmə mərasimi olmayıb. Buna 2027-ci ildəki yarışın harada keçiriləcəyinin dəqiqləşməməsidir. Tədbir zamanı Avropa Olimpiya Komitələrinin bayrağı sadəcə endirilib.

Çıxışlarda yarışın yüksək səviyyədə keçməsindən, Avropa ölkələri arasında dostluğa təsirindən danışılıb.

İyunun 21-də açılış mərasimi keçirilən və 12 gün Avropanın diqqət mərkəzində olan yarışın Sülh məşəli də söndürülüb.

Qeyd edək ki, 48 ölkədən 7000-ə yaxın idmançının çıxış etdiyi yarışlarda Azərbaycan yığması da təmsil olunub. Polşaya 101 idmançı ilə yollanan millimiz 11 medal qazanıb. Bunun 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc əyarlıdır. Komandamız ümumi hesabda isə 24-cü yeri tutub. 

0