Azərbaycan Boks Federasiyası (ABF) bölgələrdə boks idman növünün kütləviləşməsi, inkişafı və populyarlaşması prosesini davam etdirir.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, bu məqsədlə ABF-in tərkibində yeni yaradılan Çempionlar və Veteranlar Komitəsinin sədri Şahin İmranovla Məşqçilər Komitəsinin sədr müavini Əsgər Eyvazov Kürdəmir rayonunda səfərdə olublar.
Onlar burada gənclər və idman idarəsinin rəisi Süleyman Əhmədov, rayonun millət vəkilinin köməkçisi Namiq Ağayev və Kürdəmir Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Abuşovla görüşüblər. Bildirilib ki, rayonda bu idman növünə maraq böyük olsa da, indiyədək boks bölmələri fəaliyyət göstərməyib. Bu isə yerli mütəxəssislərin olmamasından irəli gəlib.
Komitə rəsmiləri mövcud şəraitlə tanış olub, boks idman növünün daha da kütləviləşməsi üçün potensial və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Müzakirələrin yekununda federasiyanın təşəbbüsü ilə lazımı şəraitə malik kompleksdə boks bölməsinin açılması və buranın regional mərkəz kimi fəaliyyət göstərməsi barədə razılıq əldə edilib. Qeyd olunub ki, ABF ilk dəfə açılacaq bölməyə məşqçi təyinatı və idman obyektində rinqin qurulması üçün lazımı dəstəyi verəcək.
Qeyd edək ki, komitə rəsmilərinin ölkənin hər bir regionuna səfəri və burada kütləviliyə nail olmaq üçün görüşləri planlaşdırılır.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib