Lənkəran Türk dünyasının “Gənclər Paytaxtı”na ev sahibliyi edir
11.06.2024 - 14:56
Lənkəran Türk dünyasının “Gənclər Paytaxtı”na ev sahibliyi edir

Türk Dövlətləri Təşkilatı (TDT) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Lənkəran - Türk dünyasının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına start verilib.

Apasport.az xəbər verir ki, hər il Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən bir şəhər “Gənclər Paytaxtı” seçilir və ilboyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edilir.

Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin yeddinci iclasında 2024-cü ilin “Gənclər Paytaxtı” seçilən Azərbaycanın Lənkəran şəhəri Türk dünyasının 3-cü “Gənclər Paytaxtı”na ev sahibliyi edəcək. Bundan öncə Türk dünyasının ilk “Gənclər Paytaxtı” Özbəkistanın Buxara şəhəri, ikinci dəfə isə Türkiyənin İstanbul şəhəri olub.

Tədbirdə dövlət rəsmiləri, Türk Dövlətləri Təşkilatının katibliyi (TDT), TDT-yə üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 6 ölkədən 50-dən çox gənc iştirak edir.

“Gənclər Paytaxtı”nın açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Türkiyə gənclər və idman nazirinin müavini Halis Yunus Ersöz, Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Sədi Cəfərov çıxış ediblər.

Tədbirdə 2023-cü il üzrə “Gənclər Paytaxtı” olan İstanbul şəhərinin rəmzi açarı 2024-cü il üçün “Gənclər Paytaxtı” olan Lənkəran şəhərinə təqdim edilib. Daha sonra Lənkəran - Türk dünyasının “Gənclər Paytaxtı”nın loqosu təqdim olunub. Ardınca qonaqlar milli musiqi və rəqs ansamblının çıxışlarını, məşhur müğənnilərin təqdim etdiyi konsert proqramını izləyiblər.

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin rəsmi nümayəndələri və gənclərinin iştirakı ilə keçirilən tədbirdə “Gənclər Platformasının 2-ci baş assambleyası”, “III Gənc Sahibkarlar Forumu”, “VI Gənc Liderlər Forumu“ adlı tədbirlər təşkil ediləcək. Proqram çərçivəsində beynəlxalq və yerli qurum və təşkilatlarla əməkdaşlıq ediləcək, müxtəlif fəaliyyətlər, o cümlədən mədəni, təhsil, əyləncə, sosial, idman, milli dəyərlər, gənclərin liderliyi və bacarıqların artırılması mövzularında layihələr təşkil olunacaq.

Qeyd edək ki, tədbirlərə bu gün yekun vurulacaq.

0