Maksim Medvedev: “Yeni tarix yazmağa hazırıq”
17.05.2022 - 19:43
Maksim Medvedev: “Yeni tarix yazmağa hazırıq”

“Bu, ən çətin və ən maraqlı mövsüm oldu. Çünki hərtərəfli mübarizə aparmağa çalışdıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın kapitanı Maksim Medvedev deyib.

Ağdam klubunun 9-cu dəfə Premyer Liqa çempionu olması münasibətilə təşkil edilən tədbirdə brifinq keçirən müdafiəçi ölkənin ən güclü komandası olduqlarını söyləyib: “Yaxşı komanda formalaşıb, oyunçu sayı çoxdur. Üstəlik, zədəlilərimiz də az oldu. Bu üzdən hər üç cəbhədə vuruşa bilirdik. Konfrans Liqasında tarix yazdıq, yenə Azərbaycan çempionu olduq. Mayın 27-də Azərbaycan kubokunun finalında “Zirə” ilə matçdan da yaxşı nəticə ilə dönmək fikrimiz var. “Qızıl dubl” etmək istəyirik. Ötən mövsüm alınmadı. Amma bu il hər kəsə sübut etmək istəyirik ki, Azərbaycanda ən yaxşı komanda bizik. İnanıram ki, gələcəkdə daha yaxşı və perspektivli komandamız olacaq. Yeni tarix yazmağa hazırıq”.

Medvedev növbəti mövsüm Çempionlar Liqasında yenidən qrupa düşmək arzuladıqlarını sözlərinə əlavə edib: “İlk növbədə Avstriyada yaxşı təlim-məşq toplanışı keçməyə çalışacağıq. İnanıram ki, uşaqlar hansı turnirə qatılacağımızı dərk edir. Orada səhv etməyə haqqımız yoxdur. Azarkeşlərimizi sevindirmək istəyirik. Elə oyunlar keçirək ki, Çempionlar Liqasında tarix yaza bilək. Bunun hamısını dərk edirik. Baş məşqçi ilə də söhbətimiz olub. İndidə bunu fikirləşməliyik. Çünki Çempionlar Liqasında oynamaq hər kəsə nəsib olmur. Bu fürsətdən maksimum istifadə etməliyik. Klubumuzu və öz adımızı daha da yüksəltmək istəyirik”.

33 yaşlı müdafiəçi bu mövsümdəki “Qarabağ”ın əvvəlkilərdən güclü olması fikri ilə razılaşıb: “Bayaq da qeyd etdim ki, builki komanda əvvəlkilərdən yaxşıdır. Çünki heyətimiz zəngindir, bütün turnirlərdə mübarizə apara bilirik. Söhbət təkcə futbolçulardan getmir. Sizin bilmədiyiniz məqamlar da var ki, onlar da çoxalıb. Bütün bunlar uğurlu nəticəni özü ilə gətirir. Səkkiz dəfə ölkə çempionu olmuşam. Bu da mənim üçün böyük nailiyyətdir. Komandada elə gənclər var ki, ilk dəfədir çempion olurlar. Onları da təbrik edirəm. İnşallah, onların da sonuncu titulu olmaz, “Qarabağ”la gələcəkdə daha çox çempionluqlar əldə edərlər”.
 

0