Millətlər Liqası: Yığmamız bürünc medal qazanıb
19.10.2025 - 18:27
Millətlər Liqası: Yığmamız bürünc medal qazanıb

Azərbaycanın amputant futbolçulardan ibarət yığma komandası Bakıda keçirilən Millətlər Liqasının C qrupunu bürünc medalla başa vurub.

Apasport.az xəbər verir ki, komanda qrupdakı son oyununda Ukrayna ilə qarşılaşıb.

“Bayıl Arena”da baş tutan qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi bundan əvvəl Belçikanı 3:0, Niderlandı isə 1:0 hesabı ilə məğlub edib, İsrail yığması ilə isə qolsuz bərabərə qalıb.

Turnirin yekun cədvəlinə əsasən, 9 xal toplayan Ukrayna birinci yeri tutaraq Millətlər Liqasının B qrupuna yüksəlib. İsrail 8 xalla ikinci, Azərbaycan isə 7 xalla üçüncü pillədə qərarlaşıb.

4 xalı olan Niderland dördüncü, xal toplaya bilməyən Belçika isə beşinci yeri tutub.

Qeyd edək ki, Belçika millisi növbəti mövsümdə D qrupunda mübarizə aparacaq.