Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçirilir
29.02.2024 - 17:36
Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçirilir

Oğuz və Qəbələ Olimpiya İdman komplekslərini təmsil edən bədii gimnastlar Milli Gimnastika Arenasında təlim-məşq toplanışına başlayıblar.

Apasport.az xəbər verir ki, 1 həftəlik hazırlığın əsas məqsədi regionlarda gimnastikanın inkişaf etdirilməsi, idmançıların fiziki cəhətdən yerli və beynəlxalq yarışlara hazırlıqlarının gücləndirilməsidir.

8 gimnastın iştirakı ilə təşkil olunan təlimlərdə gənc idmançılar təcrübəli məşqçilərin rəhbərliyi altında gürzlər, top, halqa və lentlərlə müxtəlif rəqs hərəkətlərini yerinə yetirir, gimnastika predmetləri ilə işləyirlər.

Oğuz və Qəbələ Olimpiya İdman komplekslərində bədii gimnastika və "Gimnastika hamı üçün" fənni üzrə məşqçi kimi fəaliyyət göstərən Aytac Süleymanlı bildirib ki, idmançılar qısa zaman ərzində həm yerli, həm beynəlxalq yarışlarda çıxış edərək nailiyyətlər əldə ediblər: "Bu, bizim üçün çox qürurverici haldır. Hazırda Qəbələdə 35, Oğuzda isə 30-a yaxın idmançı gimnastika ilə məşğul olur. Onlardan 2017-2010-cu illər təvəllüdlü idmançılar burada təlim-məşqlərə qoşulublar. Sevindirici haldır ki, federasiya regionlarda bu cür təşəbbüsə imza atıb. Bunun sayəsində gimnastika hər bölgədə inkişaf edir və azyaşlı uşaqların bu idman növünə marağı artır. Məşqlər qızlarımız üçün böyük təcrübədir. Çünki onlar burada milli komandanın çalışdırıcıları ilə tanış olurlar, onları nümunə götürürlər və müxtəlif gimnastika hərəkətlərini yerinə yetirirlər".

Qeyd edək ki, Oğuz və Qəbələ Olimpiya İdman kompleksləri 2022-ci ildən fəaliyyət göstərir.

0