Miloş Velebit: “Azərbaycanda planlarımızın pozulması səbəbindən nəticə çatışmırdı” - MÜSAHİBƏ
16.01.2023 - 15:06
Miloş Velebit: “Azərbaycanda planlarımızın pozulması səbəbindən nəticə çatışmırdı” - MÜSAHİBƏ

Azərbaycanda U-15, U-16 və U-19 yığmalarının sabiq baş məşqçisi, hazırda Taylandın U-20 millisinin, həmçinin bu ölkənin “Buriram Yunayted” Futbol Akademiyasının rəhbəri Miloş Velebitin apasport.az saytına müsahibəsi

- Taylandda işləriniz necə gedir və qarşınıza əsas hədəf kimi nə qoyulub?
- Burada 2 öhdəliyim var. Taylanda yerli Futbol Federasiyası və “Buriram Yunayted” arasında yaradılan layihədə işləmək üçün gəlmişəm. İşlədiyim klub ölkənin ən yaxşı infrastruktura və ən yaxşı akademiyaya malik ən böyük komandasıdır. Layihə mənim üçün maraqlıdır, çünki Burirama Taylandın 20 yaşa qədər ən yaxşı oyunçularını toplayacağıq və hər gün onlarla işləyəcəyik. Onları gələn il Asiyada U-20 yarışına hazırlayacağıq. Eyni zamanda, “Buriram” Futbol Akademiyasında direktor kimi çalışıram.

- Azərbaycan yığmasından ayrılanda hər hansı təklifiniz oldu?
- Bakıdakı işimi yenicə bitirmişəm. Mənə əsasən ərəb ölkələrindən və Serbiyadan təkliflər var idi. Amma indi seçim etdiyim təklif mənim üçün ən maraqlısı oldu. Çünki eyni zamanda milli komandada və klubda vəzifə tutmuşam. İşim xoşuma gəlir. Hər gün meydanda oluram, komandalarla işləyirəm.

- Azərbaycan və Tayland futbolunu infrastruktur baxımından necə müqayisə edərdiniz? 
- Yeni il və Milad bayramını da saysaq, cəmi 1 aydır buradayam. İndidən müqayisə aparmaq hələ çox tezdir. Bu həftə gənclər liqalarının yarışlarına start veriləcək. Həmçinin, yanvarda Premyer Liqa start götürəcək və bundan sonra daha çox məlumat əldə edəcəm. Aydındır ki, Tayland daha böyük ölkədir, onların 80 milyon əhaləsi var, daha çox klublara, liqalara, bütün kateqoriyalarda oyunçulara sahibdirlər. Tayland və Azərbaycan futbolu haqda müqayisə aparmaq tezdir. Yarışlar başlayanda yenidən danışa bilərik, fikrimi bildirərəm.

- Azərbaycandakı işinizdən tam razı qaldınız?
- Təbii ki, Azərbaycanda işimdən tam razı deyiləm. Çünki hər zaman daha yaxşısını etmək olar. Xüsusilə ona görə deyirəm ki, biz çox yaxşı iş görmüşük. Lakin planlarımızı pozan bir çox obyektiv səbəblərə görə nəticə çatışmırdı. 

- Necə düşünürsüz, Azərbaycan klublarından sizə təklif gələr?
- Azərbaycan futboluna qayıtmağa hər zaman şad olaram. Düşünürəm ki, son 4 ildə seçilən və mənim proqramlarıma uyğun olaraq milli komandalarda məşq edən oyunçular Azərbaycan futbolunun gələcəyi olacaq. Onlara rəhbərlik edib, gələcəkdə böyük futbolda yaxşı nəticələr qazanmaq istəyərdim. Bu, hansısa klub və ya yığmada da ola bilər.

0
Loading...