Minifutbol turniri: Finalçılar bəlli olub
28.10.2025 - 16:59
Minifutbol turniri: Finalçılar bəlli olub

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək təşkil olunan  şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol  Turniri çərçivəsində yarımfinal oyunları keçirilib.

Apasport.az xəbər verir ki, oktyabrın 26-da Bakı Tennis Akademiyasında keçirilən oyunları AFFA-nın hakimləri Vüsal Balaşov və İmran Məhərrəmov idarə ediblər.

Yarımfinalın ilk görüşündə “Veteranlar” “Dəmir Yumruq”la üz-üzə gəlib. "Veteranlar" 4:2 hesabı ilə qalib gələrək ilk finalçı olub. 

Digər qarşılaşmada isə “İctimai TV”  “AzTV” ilə mübarizə aparıb. Gərgin keçən matç “AzTV”nin qələbəsi ilə yekunlaşıb - 3:1. 

Qeyd edək ki, noyabrın 1-də keçiriləcək final qarşılaşmasında “AzTV” və “Veteranlar”, üçüncü yer uğrunda görüşdə isə “Dəmir Yumruq” ilə “İctimai TV” üz-üzə gələcək. Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi baş tutacaq.