Şahruddin Məhəmmədəliyev: "Muslera məndən forma istədi" - Müsahibə
28.04.2024 - 12:52
Şahruddin Məhəmmədəliyev: "Muslera məndən forma istədi" - Müsahibə

Azərbaycan milli komandasının və "Adana Demirspor"un qapıçısı Şahruddin Məhəmmədəliyev apasport.az saytına müsahibə verib.

- "Adana Demirspor" Superliqanın 34-cü turunda "Qalatasaray"la qarşılaşdı. Layiqli mübarizə aparsanız da, sonda məğlub oldunuz. "Qalatasaray"ı dayandıra biləcəyinizi ehtimal edirdiniz?

- Biz hər oyundan qabaq pozitiv düşünürük, meydana da inanaraq çıxırıq. Düzünü deyim, rəqib "Qalatasaray" olsa da, hamımız oyundan öncə yalnız qələbə haqda düşünürdük. Çünki bu oyunda qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı.

- "Qalatasaray"ın hücum xəttindəki oyunçuların qarşısını almaq çox çətindir? Hakim Ziyeş, Mauro İkardi, Barış Alper Yılmaz, Kerem Demirbay...Buraxılan qolları necə şərh edərdin?

- Onlar təkcə adlara görə güclü deyillər, həm də çox yaxşı oynayırlar, bir-birilərini çox yaxşı başa düşürlər, komanda kimi oynayırlar. Öz performansıma gəldikdə, təbii ki, ilk qolu buraxdığım kimi qollar buraxmaq istəməzdim. Hakim Ziyeşin vurduğu qolu nəzərdə tuturam. Konsentrasiyanın zərrə qədər itməsindən sonra bu səviyyədə oyunlarda cəzalandırırlar. Nə etmək olar, biz yaşamağa və öyrənməyə davam edirik. "Qalatasaray"la oyun əla dərs oldu.

- Fernando Muslera artıq uzun illərdir ki, "Qalatasaray"ın qapısını qoruyur, "Adana Demirspor"la görüşdə də bir neçə epizodda komandasını qoldan xilas etdi. Onunla oyundan sonra görüşdün? Sənə nələr dedi?

- Məndən cəmi 7-8 yaş böyükdür, amma uşaq vaxtı ona televizordan baxmağım hələ də yadımdadır (gülür). Onun çox böyük təcrübəsi var. Bir daha hamıya göstərdi ki, "Qalatasaray"ın Fernando Muslerası var. Biz onunla xüsusi nəsə danışmadıq. Mən Musleradan, o isə məndən xatirə olaraq forma istədi. Bir-birimizə formalarımızı hədiyyə etdik.  

- Bu mövsüm çempionluq mübarizəsi "Qalatasaray" və "Fənərbaxça" klubları arasında keçirilir. Səncə, hansı komanda sonda çempionluğunu rəsmiləşdirəcək? Hansı komandanı daha şanslı hesab edirsən?

- Onlara qarşı səfər görüşlərində də meydanda olmuşam. Həqiqətən də, çox çətindir. Onlar evdə səfərdəkindən fərqli oynayırlar. Hansısa komandanı bir-birindən fərqləndirmək istəməzdim. Mövsümün sonuna onsuz da az qalıb və mübarizənin ən qızğın vaxtıdır. Görək də, kim çempion olacaq. Birlikdə buna şahidlik edərik. 

- "Adana Demirspor" hazırda 41 xalla 11-ci pillədədir. Səncə, avrokuboklara vəsiqə qazana biləcəksiz?

- Düzü, dekabr ayında başa düşdüm ki, qarşımızda yalnız bir vəzifə var, o da yalnız mövsümü bitirmək. Meydana çıxdığımız oyunlarda maksimumu verməyə çalışırıq. 

- Türkiyə Superliqasına və "Adana Demirspor"a yəqin ki, artıq tam olaraq öyrəşmisən. Yeni mövsüm də "Adana Demirspor"da qalmağı planlaşdırırsan? Maraqlıdır ki, digər klublardan təkliflər almısan, Türkiyə, Rusiya və ya Azərbaycan təmsilçilərindən?

- Bəli, son 7-8 turda özümü daha rahat hiss edirəm. Deyə bilərəm ki, artıq özümü tam şəkildə bu komandaya öyrəşdirmişəm. "Adana Demirspor"la daha bir illik müqaviləm qüvvədədir. Mövsüm bitdikdən sonra rəhbərliklə danışacağıq. Ailəm və özüm üçün ən yaxşı qərarı verəcəm. Necə olacağını görəcəyik. İndi isə mövsümün qalan matçlarına fokuslanmışam.

0