"Neftçi"dən ayrılmağım böyük səhv idi, amma..." - Müsahibə
04.01.2024 - 15:51
"Neftçi"dən ayrılmağım böyük səhv idi, amma..." - Müsahibə

“Neftçi”nin sabiq hücumçusu Tomislav Mişura apasport.az saytına müsahibə verib. Vaxtilə “ağ-qaralar”ın formasını geyinən sloveniyalı komandanın hazırkı çıxışını dəyərləndirib.

- Hazırda nə işlə məşğulsan? Futbol sahəsindəsən, yoxsa futboldan kənarda?
- Bəli, hazırda futbol sahəsində işləyirəm. Mən bəzi oyunçulara məsləhət verirəm və məşqlərdə kömək edirəm. Bəzən məşqçilər də mənə zəng edərək fikrimi soruşurlar. Yəni futbolla məşğulam, başqa sahədə deyiləm.

- "Neftçi"dəki karyeranı necə xatırlayırsan? Yaxşı, yoxsa pis?
- Əlbəttə ki, “Neftçi”də karyeramı çox yaxşı xatırlayıram. Meydana çıxanda daim komanda üçün ən yaxşısını etmişəm. Lakin mən bilirəm ki, “ağ-qaralar”da daha da yaxşı ola bilərdim, daha çox şey verə bilərdim. Hər halda, nə bacardımsa, etdim.

- "Neftçi"də qısa müddətdə oynasan da, əksər azarkeşlər səni xatırlayır. Səncə, nəyə görə? "Anderlext", "Hafnafyordur" görüşləri buna səbəbdir?
- Çünki mən özüm üçün yox, komandam üçün oynayırdım. Hər zaman klubumu ilk sıraya qoymuşam. “Neftçi”də də belə idi. Yalnız bu kluba xeyir vermək üçün oynayırdım.

- Necə düşünürsən, "Neftçi"dən tez ayrıldın? Qalmamağına səbəb nə idi?
- Bəli, “Neftçi”dən olduqca tez ayrıldım. Amma həmin vaxtı Azərbaycanı tərk etməyə məcbur idim. Çünki həmin vaxt 3 dayım və nənəm dünyasını dəyişmişdi. Bu anda isə ailəmdən kənarda qalmaq mənim üçün çox çətin idi. Elə ona görə də, ayrılmaq qərarı verdim. Yoxsa, başqa səbəbi yox idi. 

- "Neftçi"dən ayrılaraq "Lokomotiv"ə (Sofiya) keçmişdin. Səncə, doğru addım atmışdın?
- Xatırlamaq istəmirəm. “Neftçi”dən ayrılaraq “Lokomotiv”ə keçmək, dəhşətli qərar idi. Təəssüf ki, belə alındı. Amma bayaq dediyim kimi, əmilərim və nənəm dünyasını dəyişməsəydi, bu hadisələr baş verməsəydi, Azərbaycanda qalıb uzun illər orada oynayardım. “Neftçi”ni tərk etməyim böyük səhv idi. İndiki ağlımla bacardığım qədər, əlbəttə ki, klub məni istəsəydi, karyeramın sonuna qədər orada qalardım.

- İndi necə, "Neftçi"ni izləyirsən? Heç bu komandanın nəticələri sənə maraqlıdır?
- Bəli, “Neftçi”ni indi də izləyirəm. Onların bu mövsüm turnir cədvəlində aşağı pilləyə düşdüklərini, sonradan isə yüksəldiklərini gördüm. Ümid edirəm ki, uğurlu nəticə əldə edəcəklər. Çünki “Neftçi” mənim üçün çox şey deməkdir. 

- Hazırda "ağ-qaralar" turnir cədvəlində üçüncü pillədədir. Amma komanda son illərdə qeyri-stabil çıxış edir. Bunu nə ilə əlaqələndirirsən? Səncə, niyə bir vaxtlar hegemonluq edən "Neftçi" indi bunu təkrarlaya bilmir? 
- Düşünürəm ki, klub daha yaxşı skaut komandası yaratmalı, komandaya uyğun gələn daha keyfiyyətli oyunçular gətirməli və onlara vaxt verməlidir. Hər mövsümdə çox dəyişiklik etmək, yaxşı deyil. Amma başa düşürəm ki, “Neftçi” böyük klubdur və onlar indi nəticə istəyirlər.

- "Neftçi"nin baş məşqçisi Adrian Mutu idi. Amma onu istefaya göndərdilər və Miodraq Bojoviçi gətirdilər. Onun barəsində hansı fikirdəsən? Səncə, Bojoviç "Neftçi"yə uğur qazandıracaq?
- Düzünü desəm, Bojoviçi tanımıram, haqqında məlumatım yoxdur. Görək də, necə olacaq. Ümid edirəm ki, Bojoviçin “Neftçi”də işləri yaxşı alınacaq. 

- 3-4 il əvvəl "Neftçi"ni Sloveniyada ziyarət etmişdin. Heç Bakıya gələrək komandanın qonağı olmağı planlaşdırırsan?
- Əlbəttə ki, bunu çox istəyərdim. Hətta məni işə dəvət etsələr, gəlib “Neftçi”də işləyərdim (gülür). Tez-tez Azərbaycanda mənə ata kimi olan Ramin Musayevlə danışırdım. O, mənə deyirdi ki, çox şey dəyişib, gəlib görməlisən. Azərbaycanda, “Neftçi”də çox yaxşı xatirələrim var. Azarkeşləri də heç vaxt unutmayacam. Onlar hər zaman mənə dəstək veriblər. İmkan olsa, nə vaxtsa gəlib “Neftçi”nin oyununa baxaram.

0