"Neftçi"nin yeni məşqçisi haqqında: "Birbaşa hücum futbolu oynadan məşqçidir" - Müsahibə
26.12.2023 - 16:26
"Neftçi"nin yeni məşqçisi haqqında: "Birbaşa hücum futbolu oynadan məşqçidir" - Müsahibə

“Neftçi”nin yeni baş məşqçisi Miodraq Bojoviç hazırda ölkəmizdə oynayan futbolçularla vaxtı ilə birlikdə çalışıb. Onlar arasında “Zirə”nin futbolçusu Andriya Lukoviç də var.

“Srvena Zvezda”da Bojoviçin rəhbərliyi altında oynamış serbiyalı futbolçu apasport.az saytına müsahibəsində sabiq baş məşqçisi haqda danışıb.

- “Srvena Zvezda”da sənin baş məşqçin olan Miodraq Bojoviç “Neftçi”də çalışacaq. Bu xəbərə reaksiyan necə oldu? Onun “Neftçi”yə keçidi barədə nə düşünürsən?
- Bəli, “Neftçi”nin oyundan sonra keçirilən mətbuat konfransında yeni baş məşqçinin təqdimatını gördüm. Mənim üçün həqiqətən sürpriz oldu, amma yaxşı xəbər idi. Miodraq həqiqətən də çox yaxşı məşqçidir. Birbaşa hücum futbolu oynadan məşqçidir. Rəqibə uyğunlaşmaqdansa, komandasının necə oynayacağına daha çox önəm verən biridir. Onu Azərbaycanda görmək çox maraqlı olacaq.

- “Srvena Zvezda”da onunla iş prinsipi necə yadında qalıb? “Neftçi”yə təyinatı ilə bağlı onu təbrik etmisən?
- Bizim üçün çox gərgin mövsüm olmuşdu. Çempionluğu sona 3 oyun qalmış itirmişdik. Amma əvvəlki mövsüm "Partizan"dan 30 xal daha çox toplamışdı. Bojoviç futbolçularla yaxşı əlaqə qurmağı sevir. Üstəlik,  komandadakı atmosferə çox əhəmiyyət verir. 

- Ola bilsin ki, o, səni “Neftçi”də görmək istəsin?
- Mən “Zirə”yə məxsusam və bu komandanın futbolçusuyam. Komandam haqda düşünürəm.

- “Zirə”də qalası olsan, qışdan sonra Bojoviçin rəhbərlik edəcəyi “Neftçi”yə qarşı oynayacaqsan. Yəqin ki, sənin üçün sabiq baş məşqçinə qarşı oynamaq maraqlı olacaq?
- “Neftçi”yə qarşı oynamaq həmişə maraqlıdır. İndi isə Bojoviçin rəhbərliyi altında olacaqlar. Bu oyunlar da maraqlı alınacaq.  

- Mövsümün gedişində vaxtınız olarsa, Bojoviçlə görüşüb, ən azından çay, kofe içib “Srvena Zvezda” günlərini xatırlamaq olar...
- Onun qarşısında futbolçu və komanda ilə çox iş dayanıb. Fikrini ancaq komandasının oyunlarına, işinə yönəldəcək. Görüşmək məsələsini zamanla görərik.

0