Nəriman və Musa Juninyonun yoxluğunu unutdura biləcək - Müsahibə
17.01.2025 - 11:21
Nəriman və Musa Juninyonun yoxluğunu unutdura biləcək - Müsahibə

“Qarabağ”ın sabiq müdafiəçisi Zaur Həşimov apasport.az saytına müsahibə verib.

- “Qarabağ” Juninyonu "Flamenqo"ya satdı. Juninyonun daha çox "Sevilya" yoxsa, "Flemqno"ya keçidini gözləyirdin? Necə düşünürsən, hansı klubda Juninyo özünü daha yaxşı göstərəcək?
- Əlbəttə ki, mən Juninyonun “Sevilya”ya keçməsini istəyərdim. Bu, futbolumuz üçün böyük reklam olardı. Juninyonun öz ölkəsini seçməsində yəqin ki, özünə görə səbəbləri var. Hansı komandada daha uğurlu çıxış edəcəyini isə söyləyə bilmərəm. Hər bir halda, yaşayıb, görəcəyik.

- Juninyosuz "Qarabağ"ı necə təsəvvür edirsən? Komanda hücum xəttində problemlər yaşayacaq? Yoxsa, düşünürsən ki, "Qarabağ" Juninyosuz da istədiyi nəticələri qazana bilər?
- Juninyonun gedişi birmənalı şəkildə böyük itkidir. Düzdür, inanmıram ki, onun gedişi “Qarabağ”ın çempion olmasına təsir etsin. Bunun olacağına inanmıram. Ancaq yenə də ölkə çempionatında, xüsusən də Avropa Liqasının oyunlarında Juninyonun yoxluğu özünü göstərəcək. 

- Hər halda, Juninyo "Qarabağ"da yox, Avropanın öndə gedən liqalarının birində çıxış edən klubda oynasaydı, "Flamenqo"ya daha yüksək məbləğ qarşılığında transfer olunardı...
- Bu fikirlə razıyam. Düşünürəm ki, Juninyonun “Flamenqo”nu seçməsində Braziliya millisinə dəvət alma şansının olması daha çox təsir edib. O, bunu fikirləşərək “Flamenqo”nu seçibsə, ona alqış düşür. Çünki o, Braziliya millisinə dəvət olmaqla həm milli komandada oynamaq arzusunu reallaşdıra bilər, həm də artıq daha səviyyəli komandalardan Braziliya millisinin üzvü kimi çox sərfəli təkliflər ala bilər. Yenə deyirəm, bunları zamanla görəcəyik.

- “Qarabağ"dan hər zaman əsas hücumçuların gedişi üzüntü ilə qarşılanıb, Reynaldo, İbrahima Vadji, Dino Ndolovu, indi də Juninyo. Amma hər dəfə yeni forvard tapılıb. Bu dəfə də "Qarabağ"ın istədiyi hücumçunu tapacağına inanırsız?
- “Qarabağ” artıq illərdir ki, bu kimi vəziyyətlə qarşılaşır. Hər dəfə də çıxış yolu tapa bilirlər. Bəlkə qış mövsümündə bunu etmək çətin olacaq. Ancaq əminəm ki, yayda hücum xəttindəki bu boşluğu dolduracaqlar.

- Avrokuboklarda FKSB və "Olimpiakos"la görüşlərdə Nəriman Axundzadə və Musa Qurbanlı ilə istənilən nəticəni qazanmaq mümkündür? 
- Juninyonun gedişi “Qarabağ”a maddi cəhətdən üstünlük qazandırdı. Digər tərəfdən bu, Nəriman və Musaya özlərini avrokuboklarda göstərməkləri üçün yaxşı şans yaratdı. Bəlkə bu gün onlar Juninyonun yoxluğunu necə lazımdır, unutdura biləcəklər. Amma gələcək karyeraları üçün də bu fürsətdən yaxşı istifadə etməlidirlər.

1