Paris-2024: 7 idmançımız və basketbol millimiz mübarizəyə başlayır
30.07.2024 - 09:39
Paris-2024: 7 idmançımız və basketbol millimiz mübarizəyə başlayır

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən daha 7 idmançı və qadınlardan ibarət 3x3 basketbol millisi bu gün mübarizəyə başlayacaq. 

Apasport.az xəbər verir ki, öncə kişilərin fərdi yarışında triatlonçumuz Rostislav Pevtsov çıxış edəcək.

Daha sonra isə akademik avarçəkmədə Azərbaycanı təmsil edən Diana Dımçenko 1/4 finalda yarışacaq.

Saat 12:00-da başlayacaq cüdoçuların yarışında idmançımız Zelim Tçkayev 81 kq çəki dərəcəsində mübarizəyə qoşulacaq. 

Üzgüçü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsini adlamaq istəyəcək.

Daha sonra boksçular - Nicat Hüseynov (51 kq) və Murad Allahverdiyev (80 kq) rinqə çıxacaqlar. 1/16 finaldan başlayacaq N.Allahverdiyev Dominikandan olan Junior Alkantara Reyeslə üz-üzə gələcəksə, M.Allahverdiyev misirli Abdelrahman Abdelcavvadla qarşılaşacaq.

Bu gün Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova da qüvvəsini sınayacaq. Sıralama turunda 647 xalla 39-cu yeri tutan milli üzvü 1/32 finalda çinli An Qixuanla görüşəcək.

Günün sonunda Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi yarışa qoşulacaq. Təmsilçimiz ilk mərhələdə İspaniya yığması ilə görüşəcək. Qarşılaşma saat 23:00-da İTV-də canlı yayımlanacaq. 

0