Patrik Andrade: “Agentim Bakıya gələrək, klubla görüşəcək”
17.05.2022 - 19:46
Patrik Andrade: “Agentim Bakıya gələrək, klubla görüşəcək”

“Çempionluğumuzu böyük “Qarabağ” ailəsi ilə qeyd edirik. Çox xoşbəxtik. Öz ailəmiz də buradadır”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Patrik Andrade Premyer Liqada qazanılan 9-cu çempionluqla bağlı təşkil olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib.

Kabo verdeli yarımmüdafiəçi mayın 27-də “Zirə”yə qarşı Qəbələdə keçiriləcək Azərbaycan kubokunun finalını da qazanmaq istədiklərini söyləyib: “Ötən il çempionluğu qeyd etmək bizə qismət olmadı. Bu mövsüm o qədər istəyimiz var idi ki, öncədən çempionluğu təmin etdik. Cari mövsüm üçün qarşıdakı yeganə məqsəd ölkə kubokunun finalını qazanmaqdır. Həmin görüşə də az qalıb. Finalda da uğurlu çıxış edib, kuboku qazanmaq istəyirik”.

Ağdam klubu ilə müqavilə müddəti mövsümün sonuna qədər olan 29 yaşlı orta sahə oyunçusu menecerinin yaxın vaxtlarda ölkəmizə gələcəyini bildirib: “Agentim bu yaxınlarda bura gələrək, klubla bu mövsüm ətrafında danışacaq. Ümid edirəm ki, hər şey qısa müddətdə həllini tapacaq. Görək, hansı qərara gələcəyik. Detallara varmaq istəmirəm. Ümid edirəm ki, agentim klubla həm mənim, həm də “Qarabağ” üçün uyğun olan şərtlərlə razılığa gələrlər”.

O, özünü “Qarabağ”da xoşbəxt hiss etdiyini əlavə edib: “Hazırda bura mənim evimdir. Özümü burada çox xoşbəxt hiss edirəm. Hər şey ürəyimcədir. Amma gələcək barədə bir söz deyə bilmərəm. Menecerimin klubla danışığından sonra hər şeyə aydınlıq gələcək”.
 

0