Premyer Liqada debüt, “Qarabağ”ın yeni transferi ilə dostluq və Tovuz azarkeşi - MÜSAHİBƏ
28.01.2023 - 13:41
Premyer Liqada debüt, “Qarabağ”ın yeni transferi ilə dostluq və Tovuz azarkeşi - MÜSAHİBƏ

“Turan Tovuz”un yeni transferi Belyani Pusinin apasport.az saytına müsahibəsi

- “Qarabağ”la görüşdə meydana çıxdın və Azərbaycan çempionatında debüt etdin. Matç haqda fikrin necədir?
- Çox yaxşı oyun alındı. Məncə, çox yaxşı mübarizə apardıq. Uduzsaq belə, oyunu yaxşı səviyyədə keçirdik. Təbii ki, xal qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. “Qarabağ”la görüş artıq geridə qaldı. İndi biz qarşıdakı oyuna baxmalıyıq.

 “Turan Tovuz” formasında Azərbaycan Premyer Liqasında debüt etdin. Səncə, ilk oyunun necə alındı?
- Debütümə görə şadam. Bu görüşdə komandamın xal qazanmasını, kömək etməyi çox istəyirdim. Şadam ki, “Turan Tovuz” formasında debüt etməyə macal tapdım. Etimada görə baş məşqçimizə təşəkkür edirəm.

- Tovuzdakı ümumi atmosferi bəyəndin?
- Oyundan öncə də futbol ab-havası var idi. Matçın gedişində də azarkeşlər bizə çox yaxşı dəstək verdi. Onlar komandanın 12-ci oyunçusudur. Məni də çox yaxşı qarşıladılar, həqiqətən də, azarkeşlərimiz superdir.

- Əvvələ qayıtsaq, bu komandaya keçidin necə alındı?
- Təkliflər gəlmişdi. Onlar arasında “Turan Tovuz” da var idi və  sonda bu komandaya keçməyə qərar verdim. Seçimimə görə də şadam. 

- Azərbaycan futbolu barədə məlumata sahib idin?
- Burada oynamış albaniyalı oyunçular var. Onların çıxışını izləyirdim. Ümumiyyətlə, Azərbaycan futbolu haqda məlumatlı idim. Gəlməmişdən də Premyer Liqada çıxış etmiş həmyerlilərimlə danışdım. Onlar da xoş fikirlər səsləndirdi. 

- Qış fasiləsində Albaniyadan Azərbaycana gələn yeganə hücumçu deyilsən. “Qarabağ” da “Tirana”dan Redon Cicini transfer etdi. Onunla münasibətin var? 
- Əlbəttə, biz Redonla dostuq. Dəfələrlə fərqli komandalarda bir-birimizə qarşı oynamışıq. Münasibətimiz də yaxşıdır. Redon haqda xoş sözlər deyə bilərəm. O, həqiqətən də yaxşı futbolçudur. İnanıram ki, o, “Qarabağ”da uğurlar qazanacaq.

0