“Premyer Liqada oyunlarımızı Xankəndidə keçirsək, xoşbəxt olarıq”
21.12.2023 - 16:40
“Premyer Liqada oyunlarımızı Xankəndidə keçirsək, xoşbəxt olarıq”

"Tarixi torpaqlarımızda belə oyunun keçirilməsinə görə Ali Baş Komandana, Ordumuza minnətdarlığımı bildirirrəm”.

Apasport.az xəbər verir ki, bunu MOİK-in baş məşqçisi Qəzənfər Abbasov deyib.

O, Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ”la Xankəndidəki matçından (0:1) sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb: “Allah şəhidlərimizə rəhmət eləsin. Bu torpaqlar onların qanları sayəsində azad olunub. Hamı "Qarabağ"ın gücünü bilir. Biz də MOİK olaraq əlimizdən gələni etməyə çalışdıq. Futbolçularıma təşəkkür edirəm. Bacardıqlarını etdilər".

- Komandanız layiqli oyun göstərdi. Matçdan sonra Qurban Qurbanov sizə nə dedi?
- Məni gözəl oyuna görə təbrik etdi. Hansı kluba qarşı oynayacağımızı bilirdik. Dünən də Qurban müəllimlə görüşəndə demişdim ki, gözəl futbol göstərməyə çalışacağıq.

- Qarşınıza Premyer Liqa hədəfi qoyulub?
- Bəli. Bizə tapşırıq verilib ki, komanda çempion olaraq Premyer Liqaya vəsiqə qazansın.

- Ev oyunlarınızı Xankəndidə keçirmək ehtimalınız haqda məlumatlar var. Bu haqda nə deyə bilərsiz?
- Əlbəttə istəyərdik. Bu, rəhbərlik səviyyəsində verilən qərardır. Premyer Liqada oyunlarımızı Xankəndidə keçirsək, xoşbəxt olarıq.

- Bugünkü oyun MOİK-ə diqqətin artacağına səbəb ola bilər?
- Bəli. Bu görüşdən öncə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbəri bizimlə görüşdü. Futbolçulara söz verdi ki, qayğı bundan da artıq olacaq. Biz diqqəti hər zaman hiss edirik. Bundan da artığının olacağına inanırıq.
 

0