"Qəbələ"nin qapıçısı: “Qarabağ”dan ehtiyat etmirdik"
06.12.2023 - 15:32
"Qəbələ"nin qapıçısı: “Qarabağ”dan ehtiyat etmirdik"

“Qarabağ”dan ehtiyat etmirdik, biz istənilən rəqiblə açıq futbol oynayırıq"

"Qəbələ"nin qolkiperi Rəşad Əzizli apasport.az saytına müsahibə verib. O, komandasının Premyer Liqanın 15-ci turunda “Qarabağ”la görüşdəki məğlubiyyətini şərh edib.

- "Qarabağ"la matçda komandanız məğlub oldu. Qarşılaşma sizin üçün necə alındı?
- Düzü, ilk hissəyə bir qədər istədiyimiz kimi başlamadıq. İkinci yarıda isə daha çox sürətli hücumlara çıxırdıq. Belədə, istər-istəməz boşluqlarımız yaranırdı. “Qarabağ” da bundan yaxşı istifadə etdi. Sonda təəssüflər olsun ki, məğlub olduq. Halbuki, xal qazanmaq istəyirdik.

- Səncə, “Qarabağ”a uduzmaya bilərdiz?
- “Qarabağ” çempionatın ən güclü komandasıdır. Onlarla oynamaq həmişə çətindir. “Qarabağ”a qalib də gələ bilərdik, matç heç-heçə də bitə bilərdi. Amma bu dəfə alınmadı.

- “Turan Tovuz”la matçdakı 4:0 hesablı qələbədən sonra sizə inananlar az deyildi. “Qarabağ”dan çox ehtiyat edirdiz deyə, belə oldu, yoxsa səviyyə fərqi özünü göstərdi?
- Düzü, “Qarabağ”dan ehtiyat etmirdik. İstənilən rəqiblə açıq futbol oynayırıq. Heç bir oyunda bir qol vurub, 90 dəqiqə müdafiə olunmamışıq. Biz hər zaman hücumu fikirləşirik. “Turan Tovuz”a qarşı oyun ağır oldu. Onlar da hər dəqiqə hesabı öz xeyrinə dəyişə bilərdi. “Qarabağ”la görüşdə də, hesabda geri olsaq belə, daim hücumu fikirləşirdik. 

- "Qarabağ"la matçda bir çox epizodda komandanı qoldan xilas etdin. Sənin üçün ağır matç idi? "Qarabağ"a qarşı oynamaq yəqin ki, bir qapıçı üçün daha ağırdır...
- Mən üstümə düşən işi gördüm. Komandamı epizodlardan xilas etməyə çalışdım. Amma belə, bəli, “Qarabağ”a qarşı oynamaq həm xoşdur, həm də ağırdır. Əlimizdən gələni etdik.

- "Qəbələ" 11 xalla 9-cu, "Kəpəz" 10 xalla 10-cu pillədədir. Yəqin ki, bu yerlərdə ola biləcəyinizi mövsümün əvvəlində ehtimal etməzdin...
- Xeyr, düşünməzdik ki, belə olacaq. Amma qismətdir, demək belə də olmalıymış. Özümüz bu vəziyyətdən komandanı çıxarıb yuxarı pillələrə qalxmalıyıq. Buna gücümüz çatar. İnanıram ki, bunlar reallaşacaq. 

- "Qəbələ" növbəti turda "Kəpəz"lə qarşılaşacaq. Səncə, bu görüşdə qələbə qazanmaq mümkündür? Altı xallıq matçdır…
- Bəli, altı xallıq oyundur. Çalışacağıq ki, qalib gələk. “Kəpəz”də də baş məşqçi dəyişikliyi olub. Son matçlarda baş məşqçinin işi də görülür. Adil Şükürov çox yaxşı, təcrübəli məşqçidir. Hər halda, yaxşı oyun olacaq.

- Səncə, bu gedişlə "Qəbələ" birinci liqaya doğru irəliləmir? Bu baş verəcək, yoxsa imkan verməyəcəksiz?
- Bu haqda heç düşünmürük. İnanırıq ki, yeni ildən tam başqa “Qəbələ” görəcəksiz. Uğurlu çıxış edəcəyimizə çox inanıram.

0