Qurban Qurbanov: "Bəlkə də "Qəbələ" qələbəyə layiq idi"
08.12.2022 - 22:39
Qurban Qurbanov: "Bəlkə də "Qəbələ" qələbəyə layiq idi"

Bu gün ölkə kubokunun 1/4 final mərhələsinin “Qarabağ” – “Qəbələ” (2:2) matçından sonra ev sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.

Apasport.az-ın xəbərinə görə, 50 yaşlı mütəxəssis əvvəlcə matç haqda danışıb:

– Oyunu sönük görmək olardı. Amma əsl kubok oyunu idi. Hər iki komanda qalib gəlmək istəyirdi. Qarşımızda çox yaxşı "Qəbələ" var idi. Bəlkə də qələbəyə layiq idilər. Oyun ritmindən uzaq olan futbolçular çox idi meydanda. Hər halda, istəkli idilər. Çox şey alınmırdı. Amma get-gedə bacardıq. Qələbə topunu da vurduq. Müdafiə xəttində bir az diqqətsizliyə görə bərabərlik oldu. Cavab oyunu var. O bundan da maraqlı olacaq. Əsl kubok ab-havası olacaq. Hər iki komandanın itirəcəyi bir şey yoxdur. Bəlkə də, oradakı oyun daha maraqlı olsun. "Qəbələ"yə uğurlar arzulayıram.

– Ardıcıl oyunların "Qəbələ" ilə olması sıxıcı deyil?
– Məcburuq oynamağa. 3 oyun bir komandaya qarşı oynamaq futbolçular üçün xoş deyil. Əfsuslar olsun ki, vaxtımız yoxdur. Bəzi illərdə belə hallar olub. Gərək belə oyunlarda daha da peşəkar olasan. Diqqətli olmaq lazımdır. 3 oyun ardıcıl oynasan da, hər oyunda əvvəlkindən daha istəkli olmalısan.

– Azarkeşlərin yoxluğunu hiss etdiniz?
– Olmayanda həmişə hiss edilir. Sanki stadion boş idi. Azarkeşsiz futbol futbola bənzəmir. İlk dəqiqələrdən hiss olunurdu.

– Son oyunda azarkeşlərin başına gələn hadisə ilə bağlı məsələyə münasibətiniz necədir? Həmin hadisə ilə bağlı AFFA, PFL və "Qarabağ"dan bəyanat gəlmədi...
– "Neftçi" ilə oyunda belə hallar ilk dəfə deyil. Dəfələrlə görmüşük. Avropa futbolunda da var. Belə etirazlar, qarşıdurmalar daim olub. Polislə azarkeş arasında belə hallar olur. Yazılı olmasa da, şifahi şəkildə azarkeşlərimizlə maraqlanmışıq. Bəlkə də, bizdən asılı olmayan hallar var. Təbii ki, hər bir halda azarkeşləri küsdürmək olmaz. Onlarsız futbol maraqlı olmur. Azarkeşlərlə münasibətimiz həmişə yaxşı olub. Mənə aid olmayan məqamdır. Həmişə klub olaraq onların yanındayıq. Problem olubsa, çatışmazlıq olubsa, aradan qaldırırlar. Nəticələr və oyunumuzla azarkeşə futbolu sevdirmək lazımdır. Bəzən də rəhbərlik hansısa addım atmalıdır. Azarkeşləri burada olmasa da, yanımızda hiss edirdik. Tez bir zamanda aradan qaldırılası məsələdir. Yaxın vaxtlarda stadionda olarlar.

– Kadi Borqesin Polşa millisində oynamaq ehtimalı var. Bu prosses baş verərsə, Kadinin inkişafına təsir edə bilər?
– Bu suala tam ətraflı cavab verə bilməyəcəyəm. Çünki kluba heç bir rəsmi məlumat verilməyib, təklif olunmayıb. Sadəcə buna adi söz kimi baxıram. Rəsmi təklif gələndən sonra bu barədə ətraflı danışarıq. Qərar vermək də lazım olsa, bunu edərik.

– Abbas Hüseynovun hazırlıq durumunu necə dəyərləndirərdiniz?
– Sabahdan komanda ilə tam məşqlərə başlayacaq. Qarşıdakı oyunlarda sağlam olması gözlənilir.

0