Qurban Qurbanov: "Futbolçularımız üçün bu asan deyildi"
22.10.2025 - 23:28
Qurban Qurbanov: "Futbolçularımız üçün bu asan deyildi"

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Atletik"ə məğlub olub - 3:1. 

Apasport.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sonra jurnalistlərə açıqlama verib. 

Təcrübəli mütəxəssis səfərdə məğlub olduqları qarşılaşmanı şərh edib:

“Azarkeşlər üçün çox maraqlı oyun alındı. İstərdik ki, ən azı məğlub olmayaq. Bunun üçün şanslarımız da var idi. Dünən sona kimi mübarizə aparacağımızı demişdim. Bu gün futbolçularım bunu bacardılar. Çox dinamik və sürətli komanda ilə qarşılaşdıq. Asan olmasa da, oyunçularımız rəqibin qarşısında möhkəm dayandılar. Belə gözəl atmosferdə bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm. Get-gedə rəqiblər güclənir, məsuliyyət artır. Çünki turlar keçdikcə bütün komandalar xallarının sayını artırmağa çalışacaq. Qarşıdakı matçlarda da intizamlı oynamağa və yaxşı mübarizə aparmağa çalışacağıq”.