Qurban Qurbanov: “Hər qələbə bizə əlavə avrokubok təcrübəsi qazandırır”
04.12.2024 - 20:43
Qurban Qurbanov: “Hər qələbə bizə əlavə avrokubok təcrübəsi qazandırır”

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qəbələ” - “Qarabağ” oyunundan (0:2) sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun brifinqi keçirilib.

Apasport.az xəbər verir ki, çalışdırıcı matç barədə fikirlərini bölüşüb.

“Qalib gəlmək vacib idi. Bunu reallaşdırdığımız üçün sevinirik. Bu, heç də asan olmadı. Qarşımızda çox yaxşı müdafiə olunan və təhlükəli əks-hücumlara keçən kollektiv var idi. Növbəti mərhələyə vəsiqə qazandığımız üçün futbolçularımızı təbrik edirəm. Belə bir havada uzaq məsafə qət edib bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm. Biz daha çox öz oyunumuz, futbolçuları qarşıdakı matça yaxşı hazırlaşdırmaq barədə düşünürük. “Sabah” həmişə istəkli komanda olub. Onlarla oyunlarımız maraqlı keçib”.

Mütəxəssis Avropa Liqası barədə də danışıb: “Elfsborq”la oyun bizim üçün vacib olacaq. İstənilən turnirdə lazımi nəticəni əldə etməyə çalışırıq. Bunun üçün hər görüşdə qalib gəlmək çox önəmlidir. “Elfsborq”la oyunda da meydandan qalib ayrılmaq istəyirik. Hər qələbə bizə əlavə avrokubok təcrübəsi qazandırır. Həmin qarşılaşmaya ciddi hazırlaşacağıq”.

0