Rahid Əmirquliyev: “Millimiz qrup birincisi ola bilməyəcək”
03.06.2022 - 10:39
Rahid Əmirquliyev: “Millimiz qrup birincisi ola bilməyəcək”

“Slovakiya qrupun aşkar favoritidir. Çox güclü komandadır”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev yığmanın Millətlər Liqasında yer aldığı qrupu dəyərləndirərkən deyib.

“Səbail”in yarımmüdafiəçisinin fikrincə, komandamız C liqasının III qrupunda Belarus və bugünkü rəqib Qazaxıstandan geri qalmır: “Belarus və Qazaxıstanla oynamaq olar. Elə Slovakiyadan da xal və ya xallar almaq mümkündür. Amma reallığa baxsaq, Belarusla Qazaxıstan təxminən bizimlə eyni səviyyədədir”.

33 yaşlı orta sahə oyunçusu Canni de Byazinin yetirmələrinin qrupdan çıxmaq şansını yüksək qiymətləndirməyib: “Təbii ki, hamı yığmamızın qrupda birinci yeri tutmasını arzulayır. Ancaq gedişat onu göstərir ki, qrup birincisi ola bilməyəcəyik. Malta və Latviyaya qarşı oyunu təkrarlasaq, birinciliyi görməyəcəyik”. 

Qeyd edək ki, Azərbaycan yığması qrupda ilk oyununu bu gün “Astana Arena”da Qazaxıstana qarşı keçirəcək.

1