Rahid Əmirquliyev: “Qarabağ”ı saxlaya biləcək komanda yoxdur” - Müsahibə
22.01.2024 - 22:01
Rahid Əmirquliyev: “Qarabağ”ı saxlaya biləcək komanda yoxdur” - Müsahibə

“Qarabağ”ın sabiq futbolçusu, milli komandamızın keçmiş kapitanı Rahid Əmirquliyev apasport.az saytına müsahibə verib.

- "Qarabağ" qış fasiləsinə çempion kimi yollandı. Necə düşünürsən, qış fasiləsindən sonra da "Qarabağ" lider mövqeyində qalacaq? Ümumiyyətlə, hazırda Azərbaycanda bu komandanı dayandıracaq rəqib varmı?
- Premyer Liqa hələ davam edir. Amma “Qarabağ” inamlı şəkildə birinci yerdədir. Görünən odur ki, sonda da çempion elə “Qarabağ” olacaq. Mövsüm başlamamışdan qabaq da, çoxu deyirdi ki, “Qarabağ” liqanın aşkar favoritidir. İndiki vəziyyətdə Azərbaycan Premyer Liqasında onların qarşısına çıxacaq, onları saxlaya biləcək komanda yoxdur. 

- Ötən mövsüm "Sabah" gümüş müfakatçı idi və bu mövsüm daha güclü olacağı düşünülürdü. "Neftçi"də isə dəyişikliklər baş vermişdi deyə, daha iddialı komanda yaranacağı ehtimal olunurdu. Amma bunların ikisi də baş vermədi. "Sabah" və "Neftçi" mövsümün sonuna qədər "Qarabağ"a problem yarada bilər?

- Düzdü, ötən mövsüm “Sabah” çempionatda yaxşı çıxış etdi, gümüş mükafatçı oldu. Ona görə, bu ildən “Sabah”dan çox şey gözlənilirdi. Amma təəssüf ki, onlar bu mövsüm keçən ilki inkişafı göstərə bilmədi. Bəlkə qış fasiləsindən sonra nəsə dəyişiklik olar, yaxşıya doğru gedər. Ancaq bu tərəfdən də, heyətdə vacib itkilər oldu. Coy-Lens Mikkels, Aleksey Kaşuk getdi. Bu da istər-istəməz komandanın oyununa təsir etdi. İndi də Aleksey İsayev “Qarabağ”a keçdi. Hamısı komanda üçün aparıcı oyunçular idi. Hər oyunçunu əvəz etmək olar. Lakin qeyd etdiyim futbolçular “Sabah”ın oyununa çox təsir edənlər idi. Ona görə də, gərək “Sabah” güclənsin, yaxşı oyunçular gətirsin ki, daha da güclü olsun. “Neftçi”yə gəlincə, orada çox dəyişiklik baş verdi. Fikirləşirdim ki, bəlkə vaxt versələr, özlərinə gələrlər. Amma yenə baş məşqçi dəyişikliyinə getdilər. Komandanın formalaşması üçün bir məşqçiyə vaxt versələr yaxşıdır. Tez-tez baş məşqçi dəyişikliyi yaxşı hal deyil. Baş məşqçinin istədiyi heyəti, oyunu qurması üçün vaxta ehtiyacı var. İnanmıram ki, bu mövsüm nə “Neftçi”, nə də “Sabah” “Qarabağ”a rəqib olsun. Qışda yaxşı transferlər etsələr, çempionatda 2 və 3-cü yerlər üçün oynaya bilərlər.

- "Qarabağ" avrokuboklara da yoluna davam edir. "Braqa" ilə görüş haqda fikrin necədir? Rəqib nə qədər təcrübəli və güclü olsa da, səncə, "Qarabağ" onları üstələməyi bacarar?
- “Braqa” yaxşı və güclü komandadır. “Qarabağ”ın onları keçmək şansları əlbəttə ki, azdır. Digər tərəfdən baxanda, “Qarabağ” “Braqa”dan da güclü rəqiblərə qarşı oynayıb, güclü rəqiblərə də başağrısı olub. Şans az olsa da, ümid həmişə var. Amma yenə deyirəm, çox çətin olacaq. Çünki “Braqa” güclüdür, cütün favoriti də Portuqaliya klubudur.

- “Qarabağ" bu mövsüm Avropa Liqasında 1/4, yarımfinal mərhələsinə qədər irəliləyərək mövsümün sürprizi ola bilər, yoxsa, bu sadəcə xəyal kimi görünür? Ümumiyyətlə, Azərbaycan Premyer Liqasında yarışan bir klubun Avropa Liqasında bu qədər irəliləməsi möcüzə kimi görünür, yoxsa "Qarabağ"ın buna gücü çatar və bu uğura hazırdırlar?
- Hamımız bunu gözləyirik, istəyirik ki, “Qarabağ” daha da irəli gəlsin, səsi daha yuxarılardan gəlsin. Amma çox çətin məsələdir. Bu, mənim fikrimdir. İndiki vəziyyətdə Azərbaycan komandaları o gücdə deyillər ki, Avropa Liqasında 1/4 və yaxud yarımfinala çıxsınlar. “Qarabağ” “Braqa”dan da güclü rəqiblərə qarşı oynayıb, xal da alıb, oyun sarıdan da güclü oynayıblar. Ona görə ümid edirik ki, “Braqa”ya qarşı yaxşı oynayıb, uğurlu nəticə qazanacaq.

- "Qarabağ" Aleksey İsayevi heyətinə qatdı, Rahil Məmmədovun isə "LKS Lodz"a gedişinə razı oldu. Səncə, İsayev komandaya nə dərəcədə xeyir verəcək? Rahilin gedişi haqda fikrin necədir?
- İsayev Azərbaycanda öz mövqeyində ən yaxşılardan biridir. “Sabah” üçün nə qədər itki olsa da, “Qarabağ” üçün bir o qədər yaxşı transferdir. Komandaya faydasını verəcək, “Qarabağ”ın gücünə güc qatacaq. Aleksey İsayevə uğurlar arzulayıram. Rahil də, xaricdə oynayacaq, Azərbaycanı təmsil edəcək. Bu, sevindirici haldır. “Qarabağ”ın onun gedişinə razı olmasına gəlincə, hər halda, nəsə bilirlər ki, icazə veriblər. Rəhbərlik və məşqçilər korpusu daha yaxşı bilər. Düzdür, Rahil “Qarabağ”da az oynayırdı. Ona da Polşada uğurlar arzulayıram. “Qarabağ”da Kevin Medina, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, yetərincə müdafiəçilər var. Rahil az oynayırdı deyə, yəqin belə qərar verib. Hər futbolçu daha çox oynamaq istəyir.

- Maraqlıdır ki, bu mövsüm yayda və qışda xaricə yollanan milli üzvləri, azərbaycanlı futbolçular daha çox oldu. Bu haqda fikrin necədir? Səncə, sizin vaxtınızda niyə indikilər kimi ölkə xaricinə yollanmırdınız?
- Sevindirici haldır ki, futbolçularımız xaricə yollanırlar, Avropada oynayırlar. Xaricdə oyunçularımız nə qədər çox olsa, yaxşıdır. Bizim vaxtımızda xaricə gedən az idi. O vaxt çempionatımız maraqlı idi, klubların sayı çox idi, çempionluğa oynayan komandaların sayı da az deyildi. Həmin vaxtı çempionatımızda aşkar favorit yox idi ki, desinlər bu komanda çempion olacaq. İndiki vəziyyətdə isə çempionatın aşkar favoriti “Qarabağ”dır. Dediyim vaxtlarda isə 6-7 komanda var idi ki, çempionluğa namizəd idi. Liqa da maraqlı idi. Fikirləşirəm ki, bəzi oyunçular xaricə üz tutmaqdansa, qalıb öz çempionatımızda oynamağa üstünlük verirdi. Amma xaricdə oynayanlarımız nə qədər çox olsa, bir o qədər yaxşıdır. 

- Tez-tez "Qarabağ"ın müxtəlif dövrlərdəki heyəti müqayisə edilir. Səncə, sən oyndadığın vaxtdakı "Qarabağ" güclü idi, yoxsa indiki? Hansı fərqlər var?
- “Qarabağ”ın o heyəti ilə indikini müqayisə etmək düzgün deyil. Futbol gündən-günə inkişaf edir, dəyişir. O vaxtı futbol bir az başqa cür idi, indi tam başqa cürdür. Sırf heyət barədə danışsaq, həmin heyət də güclü idi, indi də. Mən oynadığım vaxtı “Qarabağ” Çempionlar Liqasının qruplarına düşmüşdü. “Atletiko”dan Bakıda və İspaniyada xal almışdıq. İndi isə Avropa Liqasında qrupdan çıxıb. Məncə, o vaxtkı “Qarabağ”ın heyəti ilə indiki heyəti eyni səviyyədədir. Müqayisə etmək isə doğru deyil. Hər iki vaxtda da güclüdür ki, onda ÇL-in qrupuna düşmüşdük, indi AL-də qrupdan çıxdıq.

0