
Azərbaycan milli komandasının sabiq üzvü Ramal Hüseynov apasport.az-a müsahibə verib.
- Azərbaycan millisinin hazırkı vəziyyətinin səbəbini nədə görürsən? Səncə, nəyə görə Azərbaycan yığması son matçlarda Haiti və Belarusa uduzdu?
- Azərbaycan millisinin durumu.... Nə danışaq, nə deyək? Həqiqətən də, Azərbaycan millisinin hazırkı durumu çox bərbad və utancvericidir. Bu barədə danışmaq çox üzücüdür. Çünki millimizi daha yaxşı səviyyədə, daha güclü formada görmək istəyərdik. Amma indiki durum utancverici görünür. Üstəlik, bu cür məğlubiyyətlərə səbəb futbolçunun olmamasıdır. Bu gün millimiz Haiti və Belarusa uduzursa, deməli futbolçularımızın səviyyəsi də elə bərbaddır.
- Fernandu Santuşun bu uğursuzluqda günahı nə qədərdir? Səncə, Santuş bizə kömək edə biləcək?
- Fernandu Santuşun tək günahı bu cür futbolçuları milliyə dəvət etməsidir. Amma baş məşqçi kimi, onun günahı yoxdur. Çünki hər şey ortadadır. Futbolçularımız da bərbad durumdadır.
- AFFA bundan sonra hansı qərarları verməlidir? Azərbaycan futbolunu, Azərbaycan millisinin perspektivini, gələcəyini necə görürsən?
- AFFA bir qərar verməldiir. O da bütün millini dəyişməldiir. Əsasən də uşaq akademiyalarına fikir vermək lazımdır. Çünki bizim əsas addımımız bu olmalıdır. Akademiyalara önəm verməliyik, onlara şərait yaratmalıyıq. Onları etsələr, inanın ki, çox yaxşı olacaq. Dünyanın hər yerində bu cürdür. Akademiyalara, uşaqlara fikir verməli, şərait yaratmalıyıq ki, futbolumuz inkişaf etsin.
- Tez-tez deyirlər ki, tarixin ən yaxşı və ən istedadlı millisi indikidir. Səncə, indiki millidə futbolçular Avropada özünə klub tapa biləcək futbolçulardır?
- Kim deyir ki, ən istedadlı milli indikidir?! Millinin ən yaxşı vaxtları elə bizim vaxtımızda olub. Bizim vaxtımızda milli komandaya düşmək çox çətin idi. Çünki çox güclü futbolçular var idi. İndi isə inanın kimi gəldi milli komandaya dəvət edirlər. Bu cür milli olmaz. Milliyə gələn futbolçular canla-başla, son nəfəsinə qədər mübarizə aparmalıdır. Çünki milli demək Azərbaycan deməkdir, bunu anlamaq lazımdır.
- Millimiz DÇ-2026-nın seçmə mərhələsində Ukrayna, İslandiya və Fransa yığması ilə eyni qrupdadır. Burada daha çox müzakirə edilən Fransaya 0:10 hesablı məğlubiyyətin təkrarlanıb-təkrarlanmamasıdır. Bu haqda fikrin necədir?
- Bəli, qrupdakı rəqiblərlə tanışam. Məncə, qrupumuzda ən güclü rəqib elə Fransadır. Amma indi Ukrayna da, İslandiya da bizdən çox güclüdür. Hər halda, bütün rəqiblərə qarşı mübarizə aparmaq mümkündür. Fransaya gəldikdə, ümid edək ki, 0:10 hesablı məğlubiyyət təkrar olmaz. Nə deyim? Danışacaq çox şey var. Biz uşaq futbolçulara, aşağı yaş qruplarına, akademiyalara fikir verməliyik. Yoxsa, indiki məqamda millinin hansısa uğurundan söhbət etmək mənasızdır.