Ramal Hüseynov: “Şeydayev “Kocaelispor”da özünü gözəl hiss edəcək” - Müsahibə
18.01.2024 - 21:36
Ramal Hüseynov: “Şeydayev “Kocaelispor”da özünü gözəl hiss edəcək” - Müsahibə

“Kocaelispor”da da futbol oynamış sabiq futbolçu Ramal Hüseynov apasport.az saytına müsahibə verib. 

Veteran futbolçu Ramil Şeydayevin Türkiyə təmsilçisinə transferi haqda danışıb:

- “Kocaelispor”da indiyə kimi iki azərbaycanlı oynamışdı – Rəşad Sadıqov və sən. Ramil Şeydayev üçüncü azərbaycanlı oldu. Bu haqda fikrin necədir?
- “Kocaelispor” böyük klubdur. Üstəlik, böyük azarkeş kütləsinə malikdir. Rəşad Sadıqovla mən orada oynadığımız vaxtlarda “Kocaelispor” Superliqada çıxış edirdi. Ramil “Kocaelispor”da üçüncü azərbaycanlı oldu. Ona uğurlar arzulayıram. Ümidvaram ki, hər şey onun üçün yaxşı alınacaq. Həqiqətən də böyük və yaxşı komandaya gedib.

- Vaxtı ilə sənin “Kocaelispor”a keçidin necə alınmışdı?
- Mənim bu komandaya keçidim “Kocaelispor”un meneceri tərəfindən baş tutmuşdu. Mən Türkiyədən başqa klublardan da təklif almışdım. Həmin komandanın da düşərgəsindəydim. Sadəcə, mənə təklif edilən pulla razılaşmadım və oradan ayrıldım. “Kocaelispor”un meneceri mənə yığdı, dəvət etdi. Klub rəhbərliyi ilə menecer məni qarşıladı və oturub danışdıq, razılaşdıq. Mən də “Kocaelispor”da qaldım. Ora çox gözəldir, bazaları da superdir. Onda komanda Superliqada mübarizə aparırdı. 

- Hətta Superliqa matçında qol da vurmuşdun…
- Bəli, hamısını yaxşı xatırlayıram. “Hacettepe” ilə görüşdə qol vurmuşdum. Hesabı açmışdım. İndi də həmin anları çox gözəl xatırlayıram. Unudulmaz anlar idi. 

- “Kocaelispor” ümumiyyətlə necə klubdur? Ramil Şeydayev orada özünü sevdirə biləcək?
- Məncə, elə də olacaq. Ramil də yaxşı futbolçudur. “Qarabağ” və millidə bunu göstərib. Döyüşkən biridir. Oradakı işləri də yaxşı alınacaq.

- Ramildən sonra “Kocaelispor”da azərbaycanlılara maraq artar?
- Ramil Şeydayevin ora keçidindən sonra özünü sübut etməsi, yaxşı oynaması lazımdır. Belə olan halda, əlbəttə ki, maraq artar, Orada özünü yaxşı tərəfdən göstərməsi başqa azərbaycanlı futbolçuların da yolunu açacaq. Ona uğurlar.

- İzmitdə yaşamaq necə, səncə, Ramilə maraqlı olacaq? Adaptasiya prosesini necə keçər?
- İzmit çox gözəl yerdir. Çox da maraqlı yerdlir. Məncə, Ramil orada özünü gözəl hiss edəcək. Adaptasiya prosesini də çox tez keçəcək.

0