Rauf Əliyev: "Məşqçilik karyerası barədə düşünürəm" - Müsahibə
24.04.2024 - 15:34
Rauf Əliyev: "Məşqçilik karyerası barədə düşünürəm" - Müsahibə

Azərbaycan milli komandasının sabiq hücumçusu Rauf Əliyev minifutbol üzrə yığma komandamıza cəlb edilib. Bununla bağlı apasport.az saytına müsahibə verən veteran hücumçu minifutbol karyerasından gözləntilərini bizimlə bölüşüb.

- Azərbaycanın minifutbol yığmasına dəvət edildin və bir neçə gündür ki, toplanışdasan. Millidən dəvət gözləyirdin?
- Bəli, neçə gündür ki, toplanışdaydıq. Artıq dünən Monteneqroya gəlmişik. Millidən dəvət gəlməsi xoş oldu. Sadəcə, minifutbola maraq yaranmışdı, çempionata daxil olduq. Millidən təklif gələndə müsbət cavab verdim. Çünki özüm üçün də maraqlı oldu. Mİnifutbol millisinə dəvət edilməyim də xoşdur. Çalışacam ki, komanda üçün ən yaxşısını edim. 

- Futbolçu olduğun zamanla indiki vaxtın arasında hansı fərqlər var? Fiziki sarıdan problemin var, yoxsa fiziki durmun imkan verir ki, millidə tam gücünü meydanda qoyasan?
- Fiziki durumuma görə digər uşaqlardan fərqlənirəm. Çünki uzun müddətdir ki, daim məşq etmirdim. Hardasa, həftədə bir dəfə "İnter"in heyətində çempionatda oynayırdıq. Qalan günlərdə "Qarabağ"ın U-19 komandasında məşqçi kimi öz işimizlə məşğul olurduq. Məşq sarıdan açıq deyim ki, çox geridəydim. Bu mənada, çətinliklər var. Minifutbolda da çox hərəkət lazımdır. Bu sarıdan digər oyunçulardan seçilə bilərəm.

- Miniftubol və böyük futbolda oynamaq arasında hansı fərqlər var? Bəzən keçmiş futbolçular minifutbol oynamağın çox da çətin olmadığını düşünür. Bu barədə sənin fikirlərin nədir?
- Bəli, minifutbolla böyük futbol arasında fərqlər var. Amma mənim əsas fikrim odur ki, fiziki durumum yaxşı olacağı təqdirdə, hər şey yaxşı olacaq. Əlbəttə ki, bu zalda oynanılan futzal deyil. Zalda minifutbol oynamaq daha çətindir. Minifutbol böyük futbolda oynadığımız stadionunun daha kiçik ölçüdə olanıdır. Ona görə də, minifutbolda oynamaq da maraqlıdır. Düzü, fiziki durumum əl verdiyi təqdirdə, minifutbol oynamağa problem yoxdur.

- Bu mövsüm "İnter"in heyətində oynadın. Milliyə də dəvət edildin. Onda düşünmək olar ki, yeni sezon da səni minifutbolda görəcəyik?
- Məşqçilik karyerası barədə də daha böyük fikirlərim var. Çünki daha da inkişaf etmək istəyirəm. Ona görə də, ola bilər ki, hardasa seçim qarşısında qalım. Hadisələri qabaqlamaq istəmirəm, necə olacağını zaman göstərəcək. Amma mən məşqçilik karyerası barədə düşünürəm. Ola bilər ki, minifutbola həvəsim var, oynayıram. Ancaq əsas fikrim məşqçi kimi böyümək, yaxşı karyera qurmaqdır.

- Millinin heyətində Monteneqrodakı turnirə gedəcəksən. Səncə, Avropa çempionatı üçün yekun heyətdə də yer alacaqsan? Böyük futbolda Avropa çempionatında oynamağın reallaşmadı, yəqin ki, minifutbolda reallaşmasını istəyərsən?
- Vallah nə bilim, görək də. Turnirə gəlmişik. Oynayacağıq, məşq edəcəyik. Qismətdir. Alınsa, Avropa çempionatına da gedəcəyik, alınmasa da, heç bir problem yoxdur. Hər halda, milliyə dəvət olunacamsa, maksimumu etməyə çalışacam. Çünki burada söhbət Azərbaycan adından gedir. Bu adın olduğu hər yerdə bütün gücümüzü səfərbər etməyə hazırıq.

0