Rəşad Əzizli: “Milliyə dəvət edilməsəm də, heç vaxt həvəsdən düşməmişəm” – Müsahibə
10.10.2023 - 10:51
Rəşad Əzizli: “Milliyə dəvət edilməsəm də, heç vaxt həvəsdən düşməmişəm” – Müsahibə

Uzun müddətdən sonra Azərbaycan milli komandasına dəvət edilən "Qəbələ"nin qolkiperi Rəşad Əzizlinin apasport.az-a müsahibəsi

- Azərbaycan millisinə dəvət edildin. Buna "Qəbələ"dəki peformansınla nail oldun. Təəssüratın necədir?
- Təbii ki, milliyə dəvət olunmağıma görə çox sevindim. Düzü, bunu gözləyirdim. Millidə oynamaq hamının arzusu və xəyalıdır. Millidə yer aldığım üçün xoşbəxtəm.

- Yığmanın toplanışlarına uzun müddət əvvəl dəvət edilmişdin. Həmin vaxtları necə xatırlayırsan?
- Doğrudur, əvvəllər də Azərbaycan millisinə dəvət edilmişdim. İki dəfə Qurban Qurbanovun zamanında çağırmışdılar. Türkiyə toplanışı olmuşdu, daha sonra isə Bakıda Belarusa qarşı yoxlama görüşü keçirmişdik. Bir dəfə də "Səbail"də oynayanda millidən dəvət gəlmişdi. Hər halda, uzun müddət sonra olsa belə, millidə olmaq hər zaman xoşdur, qürurvericidir.  

- Ötən mövsüm "Şamaxı"da oynayanda da millidən dəvət gözlədiyini deyirdin...
- Elədir. Ötən mövsüm "Şamaxı"da oynayanda ən yaxşısını etməyə çalışırdım. Milliyə dəvət edilməsəm də, heç vaxt həvəsdən düşməmişəm. Yayda "Qəbələ"yə keçdim. İlk gündən kluba kömək etməyə çalışıram. "Qəbələ" klubunun rəhbərliyinə, məşqçilər korpusuna da təşəkkür edirəm ki, mənə etimad göstərdilər. Meydana çıxanda da komandam üçün etibarlı olmağa çalışdım. Milli məşqçiləri də buna görə yığmaya dəvət etdilər.

- "Qəbələ" bu mövsüm uğurlu çıxış etməsə də, sanki son vaxtlarda toparlanırdı. Amma son oyunda uduzdunuz. Bu haqda hansı fikirdəsən?
- Doğrudur, mövsümə uğursuz başlamışdıq. Amma komanda yavaş-yavaş özünə gəlir. İlk dövrə başa çatdı. İkinci yarıya daha yaxşı başlayıb, daha uğurlu çıxış etmək istəyirik. Yaxşı komandamız var və biz uğurlu çıxış edə bilərik. 

- Millinin məşqləri necə gedir?
- Hər şey yaxşıdır. Dünən artıq ilk məşqimizi etdik. Kollektivdə ab-hava yaxşıdır.

- Estoniya və Avstriya ilə görüşlərdə oynamaq ehtimalını necə dəyərləndirisən?
- Millimizi qarşıda vacib matçlar gözləyir. Mən məşqlərimi edəcəm. Qapıçılar arasında da yaxşı münasibət var. Kimin oynayacağına isə məşqçilər korpusu qərar verəcək. Kimin oynamasından asılı olmayaraq, əsas olan millimizin uğurlu nəticə qazanmasıdır.
 

0