Rəşad Sadiqov: “Ən güclü milli hazırkı deyil, millinin vaxtları olub” - Müsahibə
11.10.2023 - 16:51
Rəşad Sadiqov: “Ən güclü milli hazırkı deyil, millinin vaxtları olub” - Müsahibə

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi

- Şahruddin Məhəmmədəliyev “Adana Dəmirspor”a, Renat Dadaşov isə “Hatayspor”a keçdi. Onların bu klublara keçidi millidəki çıxışlarına necə təsir edəcək? 
- Bu, milliyə çox xeyir verəcək. Biri var Azərbaycan çempionatında oynayasan, biri də var Türkiyə Superliqasında, özü də indiki dönəmdə. Bəlkə də, son 10-15 ilin ən güclü Superliqasıdır. “Fənərbaxça”, “Beşiktaş”, “Qalatasaray”, “Adana Dəmirspor”un çox güclü heyəti var, çox yatırım ediblər. Avropanın tanınmış oyunçularını gətiriblər. Məncə, hazırda Superliqa Avropanın ilk beşliyindədir. Bu da transfer edilən futbolçulara görədir. Millimizin üzvlərinin də Türkiyə çempionatında oynamaqları yığmamıza çox xeyir verəcək. Çünki oranın həyəcanı, gərginliyi, atmosferi yüksəkdir. Hər halda, bu cür atmosferi görüb, öyrəşdikdən sonra böyük millilərə qarşı oynayanda, çox kömək edir.

- Şahruddinin Adana klubunda oynamaq ehtimalını necə dəyərləndirirsiniz?
- Ola bilər ki, Şahruddinə şans gəlsin. Əsas heyətə düşmək üçün gücü, xarakteri var. Amma bir şey də var. Onun getdiyi komanda avrokuboklara oynayır, Mario Balotelli, Nani kimi futbolçuları var. Qapıçıları da pis çıxış etmirdi. Oranı seçəndə, yəqin ki, fikirləşdikdən sonra gedib. Rəqabətdə kim yaxşı olacaq, o da dayanacaq. Əsas qapıçıları qırmızı vərəqə almışdı, digər qolkiperin necə dayandığını gördük. Gələn qapıçını dərhal qapıya qoymurlar, zamanla yaxşı olandan sonra şans verirlər. 

- Taylanda yollanan milli üzvü Ramil Şeydayev haqda fikriniz necədir? Çoxları deyirdi ki, Şeydayev pulu düşünərək ora yollanıb. Hər halda, Tayland çempionatında perspektiv axtarmaq məntiqsiz olardı...
- Açıq danışaq, kimsə özünü aldatmasın ki, bu, inkişafa görədir. Taylanda heç kim inkişaf üçün getmir. Ora futbol ölkəsi deyil, ora gedən nəyə gedəcək? Pul üçün. Ola bilsin ki, artıq pul verildiyi üçün gedib. Demirəm, səhv və ya düzdür. Yəqin ki, digər klublarda qazanacağından 2-3 dəfə artıq veriblər. O da gələcəyini fikirləşib.
 
- Taylanda getməsi millidəki çıxışına hansı yöndə təsir edib?
- Bilmirəm təsir edib ya, yox. Ola bilər ki, etsin, ya da etməsin. Bəllidir ki, Tayland klubu ilə “Qarabağ” eyni deyil. Futbol baxımından bir tərəzidə tutulası deyil. Ona görə də, ola bilər ki, Şeydayev geriləsin. Ancaq öz seçimidir. Özü yıxılan ağlamaz. Daha çox pul veriblər, gedib. Bəlkə onun əvəzinə başqası, ya özüm də ola bilərdim. Nə vaxtsa təklif gələrdi, bəlkə mən də gedərdim. Normal qarşılamaq lazımdır. Çünki futbolçuluğun ömrü qısadır. Pul qazanmaq üçün də maksimum 8-10 illik vaxtın olur.

- Azərbaycan millisini qarşıda Estoniya və Avstriyaya qarşı matçlar gözləyir. Komandanın indiyə qədərki çıxışını necə dəyərləndirirsiz? Perspektiv vəd edirlər?
- Açıq danışmaq lazımdır, qrup doğrudan da çox güclüdür. Buradan çıxacağımızı onsuz da heç kim gözləmirdi. Belçika, İsveç, Avstriya güclüdür, bir Estoniyadır ki, ancaq onu keçə bilərik. Onu da əvvəlcədən hamı bilirdi. Hamımız deyirdik ki, rəqibimiz Estoniyadır. Sadəcə startdakı üç oyunu zəif oynadıq. Yalnız Belçikaya qarşı yaxşı performans göstərdik. Onun da adından əvvəlcə çəkindik, sonra komanda oynamağa başladı. Bilmirəm, Belçika özü bizimlə matça necə yanaşmışdı. Kevin de Bruyne və digər oyunçuları da yox idi. Ot örtüyü də pis idi, özlərini zədədən qoruyurdular, yüngül oynayırdılar. Digər matçlarda zəif təsir bağışlamışıq. Xallara görə rəqiblərimizdən ancaq Estoniyanı keçə bilərik. Digərlərini keçəsi xalımızın olacağı görünmür.

- Tez-tez deyirlər ki, indiki milliyə bu vaxta qədər olan ən perspektivli futbolçular toplaşıb. Razısız?
- Bilmirəm bu nə dərəcədə düzgündür. İnanmıram ki, ən güclü milli hazırkı olsun. Millinin vaxtları olub. Qurban Qurbanov, Zaur Tağızadə, Tərlan Əhmədov, Samir Əliyev, Rəşad Sadıqov kimi futbolçular oynayıb. Yığmanın həmişə güclü heyəti olub. Azərbaycan çempionatında bir vaxtlar “qırğın” idi, 7-8 komanda çempionluğa oynayırdı. Həmin vaxtlar çempionatımızda güclü legionerlər də çıxış edirdi. Hərə bir gözlə baxır. Mən indiki millinin ən yaxşı vaxtlı olduğunu deyə bilmirəm.

- Böyük ehtimalla Canni De Byazi qrup mərhələsinin oyunlarından sonra postundan göndəriləcək. Sizin millinin gələcək baş məşqçisi üçün namizədiniz var?
- Gedəcəyini demək çətindir. Çünki müqaviləsi varsa, bir az ağır məsələdir. O vaxt da Berti Foqtsa hər il "gedir-gedir" deyirdilər, 6 il postunda qaldı. Ortada isə bir şey, oynadığımız futbol yox idi. “Qarabağ”ın heyətində avrokuboklarda 90 dəqiqə ağır oyun oynayırdıq, gəlirdik milliyə, sabah bütün günü məşqdə bizi qaçırdırdı və deyirdi “mənə dəxli yoxdur, siz orada nə oynamısız”. Yəni, biz millidə bu cür məşqçilərlə işləmişik. Bilmirəm, De Byazi indiki durumda getsə, xeyri olacaq, ya olmayacaq. Artıq pul xərcləməyə dəyməz. Əgər gedəcəksə, yəqin ki, yerinə legioner gətirməyin doğrudan da adı yoxdur. Onsuz da qrupdan çıxa bilməyəcəyik. Yenisini gətirməyə, ona boşuna 5-6 ay pul verməyə ehtiyac yoxdur. Postu elə azərbaycanlı məşqçiyə tapşırmaq olar. Qruplarda iddialı olanda isə xaricdən məşqçi gətirərsən. Ancaq iddia yoxdursa, 500 minlik, 1 milyonluq məşqçi ilə işləməyin tərəfdarı deyiləm. Əgər iddia yoxdursa, həmin məşqçi ilə oynamağa da dəyməz.

0