
Misli Premyer Liqasının XXVIII turunun "Zirə" - "Şamaxı" matçından (3:0) sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.
"Milli fasilədən sonra ilk oyunumuz idi. Birinci hissənin ilk 5-10 dəqiqəsi bizim üçün yaxşı başladı. Amma sonra oyun bizim üçün çətinləşdi. İstədiyimiz hücumları qura bilmirdik. Fasilədən sonra komandam xeyli fəallaşdı və düşünürəm ki, vacib 3 xal qazandıq. Bilirdik ki, rəqib əzmkardır. Xüsusilə, son turlarda iddialı komandalara qarşı yaxşı oyunu ilə seçilir. Biz oyuna yaxşı köklənmişdik".
- Fasilədə komandaya hansı tapşırıq verdiz ki, 2-ci hissəyə belə yaxşı başladınız?
- Fasilədə daha çox hücumda fəal olmaq tapşırığını verdik. Çünk 0:0 hesabı bizi qane etmirdi və "Şamaxı" əks hücumlar, cinahdan asmalardan hər an fərqlənə bilərdi. Hesabı açdıq və 2-ci qoldan sonra oyun bizim üçün daha rahat keçdi.
- Növbəti 2 turda "Qarabağ" və "Neftçi" ilə səfərdə qarşılaşacaqsınız. Bu oyunlar haqqında düşüncələriniz necədir?
- Həmin oyunları nəzərə alsaq, bu matçda 3 xal qazanmağımız olduqca önəmli idi. Qarşıdakı matçlara da xallar qazanmaq üçün çıxacağıq.