Ruslan Qurbanov: "Xarici məşqçiyə bu qədər çox pul xərcləməkdənsə..."
29.03.2024 - 16:19
Ruslan Qurbanov: "Xarici məşqçiyə bu qədər çox pul xərcləməkdənsə..."

Azərbaycan milli komandasının və "Neftçi"nin sabiq hücumçusu Ruslan Qurbanov apasport.az saytına müsahibə verib:

- Son vaxtlarda nə ilə məşğulsan? Səncə, niyə karyeranda eniş oldu?
- Hazırda Rusiyadayam. Fərdi olaraq məşqlərimi edirəm, istirahət günlərində isə tanışlarımla futbol oynayıram. Karyeramda eniş getmədi. Sadəcə mənə təklif gəlmədi və bu da normaldır. Axı mənim heç vaxt agentim olmayıb. Belə alındı, nə etmək olar. Hər şey yaxşıdır.

- Səncə, Azərbaycan karyeran sənə görə bağlanıb, yoxsa yenidən geri qayıda bilərsən?
- Mən hələ də, asanlıqla futbol oynayardım. Özü də indi futbolun səviyyəsini nəzərə alsaq, gözübağlı oynamaq olar. Amma düzünü deyim, istəyim yoxdur.  

- Yəqin ki, Azərbaycan futbolu ilə maraqlanırsan, izləyirsən. "Qarabağ"ın avrokuboklarda etdikləri sənin üçün gözlənilməzdir, yoxsa onlardan daha çoxunu gözləyirdin?
- Mən əmin idim ki, "Qarabağ" yenidən Azərbaycanı Avropa arenasında layiqli şəkildə təmsil edəcək. Sona qədər mübarizə apardılar. Amma sonda nəsə çatmadı. "Bayer" bu mövsüm olduqca güclüdür. Lakin inanıram ki, "Qarabağ" yeni mövsümdən yeni tarix yazacaq.  

- Səhv etmirəmsə, "Neftçi"də oynayanda "Qarabağ"a keçmək ehtimalı var idi. İndi bu komandanın uğurlarını görəndə, vaxtı ilə Ağdam təmsilçisinə keçməməyinə görə peşmansan?
- Xeyr, "Qarabağ"dan heç vaxt təklifim yoxdur. Amma bəli, bu klubla danışıqlarım olmuşdu. Heç nəyə baxmayaraq, "Neftçi" mənim üçün xüsusi klubdur.   

- "Qarabağ" uğurlu nəticələr əldə etsə də, "Neftçi" liqada da bunu edə bildi. Səncə, "Neftçi" nəyə görə çempion ola bilmir?

- Tez-tez baş məşqçi dəyişikliyi baş verir, rəhbərlik də həmçinin. Futbolçular da hər "transfer pəncərəsi" dəyişilir. Bunların hamısına isə zaman lazımdır. Əgər sistem doğru və düzgün işləyəcəksə, nəticə də olacaq.  

- "Neftçi" hazırda üçüncü pillədədir. Ölkə kubokunda "Qarabağ"la yarımfinalda qarşılaşacaqlar. Səncə, onların "Qarabağ"ı keçərək finala adlamaq şansı var?

- Əlbəttə ki, hər zaman hər komandanın şansı var. Qalib gələ bilməyəcəyiniz də rəqib yoxdur. Həqiqətən də, bu komandaların oyunun izləmək çox maraqlı olacaq. Görək də, necə olacaq.

- Hazırda "Neftçi"nin baş məşqçi postunda Miodraq Bojoviçdir. Səncə, o, dəyişiklik edə bilər?

- Bojoviç yaxşı məşqçidir. Müxtəlif klublara rəhbərlik edib. Ona sadəcə olaraq zaman tanımaq lazımdır. Məncə, Bojoviç "Neftçi"yə nəticə qazandıra biləcək.

- Azərbaycan millisi Monqolustana 1:0 qalib gəldi, Bolqarıstanla 1:1 oynadı. Yığmanın oyununu bəyəndin?
- Bəli, bəli, Azərbaycan millisinin oyunlarına baxdım. Əsas odur ki, milli heç bir oyunda uduzmadı. İndi futbol elə səviyyədədir ki, hamı futbol oynaya bilir.. 

- Canni De Byazi baş məşqçi postundan ayrıldıqdan sonra Arif Əsədov bu postu tutmuşdu. Səncə, onu baş məşqçi postunda saxlamaq lazımdır?
- Məncə, yerli mütəxəssisə şans vermək lazımdır. Mənə inanın, hətta yerli mütəxəssis Canni De Byazidən də yaxşı nəticə verərdi. Xarici məşqçiyə bu qədər çox pul xərcləmək? Xarici məşqçiyə bu qədər çox pul xərcləməkdənsə, onu uşaq futboluna yatırmaq lazımdır. 

- Tez-tez əvvəlki və indiki millilər müqayisə edilir. Səncə, hansı daha güclüdür? 
- Mən millilər arasında müqayisə aparmaq istəmirəm. Sadəcə milliyə zədəsiz, uğurlu oyunlar arzulayıram.

0