Şahin Diniyev: "Qəbələ" olmasa, o meydançalar, o uşaqlar kimə qalacaq?
15.12.2023 - 16:39
Şahin Diniyev: "Qəbələ" olmasa, o meydançalar, o uşaqlar kimə qalacaq?

Bu gün Misli Premyer Liqasının XVII turunun "Səbail"-"Qəbələ" (3:0) oyunu baş tutub.

Apasport.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.

Təcrübəli məşqçi oyun haqda fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bizim üçün çox əsəbi oyun idi. 4 matçdır qələbə qazana bilmirdik. Dünyanın istənilən yerində komandarda eniş olur. Gərgin oyun idi. Futbolçuların içində həyəcan, qorxu hiss olunurdu. Bunu çıxarmaq lazım idi. Düşünürəm ki, bu gün komanda rahat oynadı. Ağıllı futbol oynayaraq layiqli qələbə qazandıq. Yolumuz uzundur. Bu yolda eniş də var, yoxuş da. Düzgün istiqamət tutmuşuq. Bunu davam etdirmək lazımdır. Qışda bir az da güclənməliyik. "Qəbələ"yə uğurlar arzulayıram. Onlar sonuncu olmağa layiq deyillər.

- Qapıda Hüseynəli Quliyevə şans verdiniz. Qarşıdakı oyunlarda da onu meydanda görə biləcəyik?
- Yayda oynadığımız heyətdən bu gün meydanda 7 nəfər yox idi. Kiçik bir komanda üçün bu, çox çətindir. Belə məqamlarda rotasiya etməlisən. Hüseynəli də bu məqama hazır olmalıdır. Bu gün Səlahət Ağayev Azərbaycan Premyer Liqasının ən yaxşı qapıçılarındandır. Bu gün belə qərar verdik. İtkilərimiz çox idi. Hüseynəli mənim inandığım qapıçıdır. Oyundan-oyuna dəyişikliklər olacaq.

- Qış fasiləsində hansı mövqeləri gücləndirməyi planlaşdırırsız?
- Mövsümün əvvəlində demişdim ki, yerimizə baxıb hərəkət edəcəyik. Hazırda normal yerdəyik. Avrokuboklardan çox uzaq deyilik. Buna görə də risk etmək lazım olacaq. Qışda 3 futbolçu transfer etməyə çalışacağıq. Zədəlilərimiz də qayıdacaq. Çoxluq yaratmaq istəmirik. Transfer çalışmalarımız çoxdan başlayıb. 

- Bu gün gənc futbolçu Ayaz Mikayılova şans verdiz. Onun performansını necə dəyərləndirirsiz?
- Ayaz çox yaxşı futbolçudur. Onun valideynləri avtomobil qəzasında həlak olublar, tək uşaqdır. Əvəzedici komandada Ayazı izləyirəm. Onun arxasında "Səbail" var, şəxsən mən varam. Ayazın futbolçu olması üçün çox çalışacam. Bu gün onun əsas heyətin üzvü olmasını demək düzgün olmaz. Cavanlara şans verməliyik. Kubok matçında əvəzedici heyətdən daha 4 oyunçu gətirəcəyik.

- Əsas rəqiblərinizin oyunları olacaq bu turda. Həmin matçlarda hansı nəticəni arzulayırsız?
- "Zirə"yə və "Qarabağ"a azarkeşlik edəcəm. Amma kimisə lənətləmək, bəddua etmək kimi fikrin olmayacaq. Yalandan deyə bilmərəm ki, kimin udmağının mənim üçün fərqi yoxdur.

- Növbəti turda "Sumqayıt"ı məğlub etsəz, qış fasiləsinə 3-cü pillədə gedəcəksiz. Bu, komandaya necə təsir edəcək?
- İtkilərlə "Sumqayıt"a qarşı oynamaq çox çətin olacaq. Taktiki cəhətdən ağıllı oynamalıyıq. İstək, motivasiya ön planda olacaq. Çalışırıq ki, bayrama xoş əhval-ruhiyyə ilə gedək.

- Milli komandanın baş məşqçi seçimi ilə bağlı İşçi Qrupu yaradıldı. Sizin fikriniz necədir? Millidə yerli, yoxsa əcnəbi məşqçi çalışmalıdır?
- Bu, problemin kökü deyil. Hər ilin axırı bunu müzakirə edirik. Bir baş məşqçini dəyişməklə böyük dəyişiklik edə bilməyəcəyik. Bizim sistemimiz, planımız olmalıdır. 31 ildir eyni şeyi təkrar edirik. Problem başqa yerdədir. İşçi Qrupu bunu fikirləşməlidir. Bizə uyğun ölkələrin, məsələn Lüksemburqun modelini götürməliyik. Özümüzdə yoxdursa, utanmaq lazım deyil. 31 ildir baş məşqçilər dəyişir.

- "Qəbələ"nin acınacaqlı durumda olması bir məşqçi kimi sizə necə təsir edir?
- Qəbələdə futbol adına hər şey var. "Bakı" və "Qəbələ" akademiyasının hesabına bu gün yerli futbolçular bütün Premyer Liqa klublarını doldurublar. "Qəbələ"nin durumu təəccüblüdür. İnanmıram ki, bu komanda Premyer Liqanı tərk etsin. Bu düşüş bizdə də olur. Məncə, tez bir zamanda bu durumdan çıxacaqlar. "Qəbələ" futbol oynaya bilən komandadır. Oyundan əvvəl desəydilər ki, 3:0 udacaqsız, deyərdim ki, yəqin sənin problemin var. "Qəbələ" olmasa, o meydançalar, o uşaqlar kimə qalacaq? Bunu da düşünmək lazımdır. "Qəbələ"nin yox olması Azərbaycan futboluna böyük zərbə olacaq.

0