Şahruddin: "Adana Demirspor"un mənə borcu var, amma..." - Müsahibə
11.03.2025 - 17:38
Şahruddin: "Adana Demirspor"un mənə borcu var, amma..." - Müsahibə

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev apasport.az saytına müsahibə verib.

- “Qarabağ" son turda "Araz-Naxçıvan"la qarşılaşdı və qələbə qazanmağı bacardı. Görüş sizin üçün çətin alındı, yoxsa necə? Komanda ilk turda da "Araz-Naxçıvan"ı məğlub etmişdi. Hansı görüş daha çətin alındı?
- Biz hər bir görüşə yaxşı hazırlaşırıq və qələbə qazanmaq istəyirik. “Araz-Naxçıvan”la oyuna da yaxşı hazırlaşmışdıq. Ümumiyyətlə, bu komandaya qarşı oyunlar heç vaxt asan keçməyib. Çünki “Araz-Naxçıvan”ın çox yaxşı komandası var. Bu dəfə də çətin alındı. 

- Bu görüş daha çox bəlkə də dava-dalaşla diqqət çəkdi. Sən ehtiyat skamyada idin. Ümumiyyətlə, sonradan orada nə baş verdiyini bildin? Səncə, baş hakimin qərarları doğru idi?
- Bəzən mübahisələr faydalı olur (gülür). Açığını deyim, həmin epizodda mən də orada olmaq istəyərdim (gülür). Amma heyif ki ehtiyat oyunçular skamyasında idim.

- "Qarabağ" hazırda liderdir və ən yaxın izləyicisi "Zirə"ni 12 xal qabaqlayır. Bu fərq çox deyil? Demək olar ki, bu mövsüm "Qarabağ" üçün o qədər çətin keçmir? 
- Mövsümün çətinliyi rəqiblərlə xal fərqinə görə deyil axı. Xal fərqinə baxmayaraq, hər bir komanda sona qədər mübarizə aparır, yaxşı da oynayır. Heç bir matç asan deyil. Biz də mübarizəmizi aparırıq. Allaha şükür ki, biz turnir cədvəlində liderik. İşimizə fokuslanmışıq və qarşıdakı oyunları düşünürük.

- "Qarabağ"ın bu sezon da "qızıl dubl" etmək üçün yaxşı imkanı var. Yarımfinalda "Araz-Naxçıvan"la qarşılaşacaqsız. Səncə, finala adlayıb, orada da kuboka sahib çıxmaq mümkün olacaq?
- Biz oyundan-oyuna irəliləməyi və bir matç bitdikdən sonra qarşıdakı görüşü düşünürük. Ümumilikdə isə təbii ki, həm kuboku, həm də çempionatı qazanmaq istəyirik. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınacaq. İndi qarşıda bizi liqada görüş gözləyir. Həmin matç haqda düşünürük.

- "Qarabağ"la müqavilən mövsümün sonunda başa çatacaq. Klub sənə yeni müqavilə təklif edib? Səni yeni sezonda da "Qarabağ"da görəcəyik?
- Mövsümün sonuna yaxın hər şey aydınlaşacaq. Görək də necə olacaq. 

- Yeni mövsümdən Azərbaycanda legioner limiti ləğv ediləcək. Səncə, bu, Azərbaycanlı oyunçular üçün mənfi haldır?
- İndi oynayanlar üçün o qədər də problem yoxdur. Problem inkişaf etmək istəyən və daimi oynamaq üçün heyətdə yerə ehtiyacı olacaq gənclər üçün ola bilər. 

- Bu ay milli komandamızın iki yoxlama görüşü olacaq. Haiti və Belarusla görüşlərə dəvət ediləcəyinə inanırsan? Rəqiblər haqda hansı fikirdəsən?
- Mən hələ yeni məşqçilər korpusu altında milli komandada olmamışam. Dəvət gələrsə, mən də mümkün qədər faydalı olmağa çalışacam.

- Bir müddət əvvəl mətbuatda "Adana Demirspor"un sənə 1 milyon dollar borclu olduğu iddia edilirdi. Türkiyə klubu sənə olan borcunu ödəyə bildi?
- “Adana Demirspor”un mənə ödəməli olduğu məbləğ hər kəsin yazdığı qədər deyil. Amma bəli, onların mənə borcu var.