Saldanya: "Çalışacam ki, "Neftçi"də hücumçu narazılığına son qoyum"
31.01.2023 - 23:18
Saldanya: "Çalışacam ki, "Neftçi"də hücumçu narazılığına son qoyum"

"Burada olduğuma görə çox xoşbəxtəm. Sabahkı oyunu səbirsizliklə gözləyirəm".

Apasport.az xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Saldanya deyib.

23 yaşlı mərkəz hücumçusu sabah "Zirə" ilə keçiriləcək Premyer Liqa matçında debüt edəcək. Braziliyalı futbolçu bu barədə "Neftçi TV"yə danışıb: "Komanda yoldaşlarım və infrastrukturla tanış oldum. Bu məni çox sevindirdi. Ümid edirəm ki, sabah debüt oyunum uğurlu alınacaq.

Kollektivdəki ab-hava çox yaxşıdır. Yavaş-yavaş adaptasiya oluram. Bəzi komanda yoldaşlarımı daha da yaxşı tanımağa başlayıram. Şəhəri gəzməyə vaxtım olmasa da, foto və videodan gördüklərimə əsasən deyə bilərəm ki, Bakı çox möhtəşəm şəhərdir. Çalışacağam ki, sabahkı oyunumla azarkeşlərə ümid verim".

Yaponiyanın "CEF Yunayted" klubundan icarəyə götürülmüş futbolçu vurduğu qollarla "Neftçi" tarixinə düşmək istədiyini bildirib: "Hər bir futbolçunun özünə məxsus xarakteristikası var. Çalışacağam ki, öz oyunumla hücumçu narazılığına son qoyum, adımı "Neftçi" tarixinə yazdırmaq üçün əlimdən gələnin ən yaxşısını edim.

Əsas məqsədimiz yuxarı pillələrdə qərarlaşmaq və yayda avrokuboklarda uğurlu çıxış etməkdir".

0