Samir Abasov: “Məncə, artıq gecdir”
18.05.2025 - 19:12
Samir Abasov: “Məncə, artıq gecdir”

Misli Premyer Liqasının XXXV turunun "Neftçi" - "Səbail" matçından (3:0) sonra ev sahiblərinin baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

- "Səbail"ə qarşı evdəki hər iki oyunda yaxşı oynadız. Digər matçlarda da bu cür yaxşı oynamağınıza səbəb nə oldu?
- O vaxtı yeni gəlmişdik, futbolçularda əhval-ruhiyyə fərqli idi. İndi də çox rahatçılıq var idi. Bunun fonunda da çox şey alındı. Elə matçlar var idi ki, bundan da yaxşı oyunlar göstərmişdik. Elə son matçlara baxsaq, “Turan Tovuz”la oyunu xatırlayıram. Nə çatmadı? Elə həmin şeylər çatmırdı ki, istədiyimizdən xeyli uzaq qaldıq. Bunlar bizi düşünməyə məcbur edir. Bu çatışmazlıqlar üzərində işləyirik. Yeni mövsüm başqa komanda olmağa məcburuq. Çatışmamazlıq məsələsi....Gərək bütün oyunları xatırlayaq. Məncə, artıq gecdir. 

- Düşünmürsüz ki, kubokda finala oynamaq üçün çempionatı qurban verdiz?
- Biz kubok və çempionatı bölməmişdik. Anlayırıq ki, hansı klubdayıq, hər bir oyunun məsuliyyəti var. Əlimizdə sırf kuboku tutub, çempionata başqa motivasiya ilə çıxmırdıq. Vallah yox idi. Sadəcə şanssızlıq oldu. Sonda şansımız kubokda idi. Ona başqa cür hazırlaşdıq. Futbolçular da onu da çıxış yolu kimi görmüşdülər. “Sabah”la görüşə də yaxşı başladıq, epizodları vursaydıq, finalda biz oynayardıq. Kubok və çempionatda ayrıseçlik etmədik, bundan sonra da etməyəcəyik.