
Misli Premyer Liqasının I turunda "Sumqayıt" "Kəpəz"i məğlub edib - 3:0.
Apasport.az xəbər verir ki, matçdan sonra "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Saşa İliçin mətbuat konfransı keçirilib.
"Əslində mən də hər bir oyunda hücumameyilli futbol oynamaq istərdim. Amma reallıq ondan ibarətdir ki, bu alınan bir şey deyil. Çünki Misli Premyer Liqasında "Qarabağ", "Neftçi" və bir sıra güclü komandalar oynayır. Hər bir komandaya ayrı hazırlaşacağıq. İkinci hissədə oyun cəhətdən bir sıra problemlərimiz oldu. Çalışacağıq ki, bunu növbəti oyunlarda aradan qaldıraq".
- İkinci hissədə hesabı artıra bilmədiniz. Bu hesabdan irəli gələn rahatlıq idimi? Yoxsa fiziki problemlə bağlı idi?
- Fiziki problemlə bağlı olduğuna inanmıram. Çünki 2-ci hissədə biz bir neçə əvəzetmələr etdik və yeni oyunçular meydana daxil oldu. Əslində, mən problemi oyunçuların fərdi səhvlərində görürəm. Adlarını çəkmək istəmirəm, amma 3:0 hesabda öndəsənsə, daha rahat və sadə oynamalısan. Lakin bəzi oyunçular bunu dərk etmirlər. Bəzi hava mübarizələrində səhvlər oldu. Təbii ki, Ninkoviç və Keffel tam hazır deyil. Ona görə də biz bu əvəzetmələri edirik ki, oyunçular komandaya tam uyğunlaşa bilsinlər.
- Növbəti tur "Qarabağ"la oynayacaqsınız. Bildiyiniz kimi, "Qarabağ" Çempionlar Liqasında Macarıstan səfərindən qayıdacaq. Bunu "Sumqayıt" üçün üstünlük saymaq olarmı?
- "Qarabağ"ı Azərbaycanın ən güclü klubu kimi görürəm və onların avrokuboklardakı oyunlarını da izləyirəm. "Ferentsvaroş"la matç onlar üçün çətin olacaq, amma bizim üçün liqadakı matç bilmirəm avantaj olacaq, ya dezavantaj. Bu matçda biz bu gün etdiyimiz kimi səhvlər etsək, bizim üçün yaxşı qurtarmayacaq.
- Oyunda Ayxan Süleymanov 2 epizodda komanda hücuma keçərkən geriyə oynadı və bundan sonra onu əvəz etdiniz... Burda olduğunuz müddətdə azərbaycanlı futbolçuların mentalitetini dəyişə bildinizmi?
- Ayxanı oyunçu kimi bəyənirəm. İlk hissəni yaxşı oynasa da, ikinci hissədə bəzi səhvlər etdi. Mənim onunla söhbətim də oldu. Təbii ki gələcəkdə inkişaf emək istəyirsə, bu səhvləri etməməlidir.