Saşa Yunisoğlu: “Rahil fiziki göstəricilərinə görə Polşaya uyğundur” - Müsahibə
08.02.2024 - 20:59
Saşa Yunisoğlu: “Rahil fiziki göstəricilərinə görə Polşaya uyğundur” - Müsahibə

Azərbaycan milli komandasının sabiq müdafiəçisi, vaxtı ilə Polşada legioner həyatı yaşamış azsaylı yerli futbolçulardan Saşa Yunisoğlu apasport.az saytına müsahibə verib.

- Səndən sonra Polşada Mahir Emreli, Anton Krivotsyuk, Ruslan Məcidov çıxış edib. İndi də Rahil Məmmədov "LKS Lodz"a keçdi. Bu barədə nə düşünürsən?

- Düşünürəm ki, Rahil üçün xeyirli olacaq. Polşa çempionatı Azərbaycan çempionatından güclüdür. Polşa Avropanın mərkəzidir. Həm yüksək, həm birinci liqaların oyunlarını hər zaman Avropanın çoxlu, güclü komandaların skautları izləyirlər. Əsasən, Almaniyadan skautlar matçlara baxırlar. Bu keçid Rahilin karyerası üçün irələyiş ola bilər. Polşada daha çox atletik futbola üstünlük verirlər. Birəbir sərt mübarizələr, meydançanın hər bir metrinə görə sözün əsl mənasında “müharibə” gedir. Rahil fiziki göstəricilərə görə Polşa futboluna tam uyğun oyunçudur.

- "LKS Lodz"u klub olaraq necə qiymətləndirirsən? Səncə, Məmmədov yaxşı komandaya keçib? Çünki onun komandası turnir cədvəlində sonuncu pillədədir...

- LKS Polşanın Lodz şəhərinin 2 tarixi klubundan biridir. Axırıncı yerdə olmalarına baxmayaraq, bu komanda şərait baxımından yaxşıdır. Yəqin ki, hazırda hansısa problemlər yaşayırlar. Bu, Rahil üçün çox yaxşı variantdır. Əsas odur ki, oynasın, güclü çempionatın təcrübəsini qazansın və milli komandamıza xeyir versin. Çünki Rahil artıq uşaq deyil və millinin üzvüdür. Məncə, Rahil bu komandaya liqada qalmaq üçün kömək edəcək.

- Polşadakı karyerasının uğurlu alınması üçün Rahilə nə məsləhət görərdin?

- Məsləhətim odur ki, futbola peşəkar yanaşmağa davam etsin. Avropada mentalitet tamamilə başqadır və azərbaycanlı futbolçuya oraya uyğunlaşmaq çox çətindir. İkincisi isə Rahil indidən bilməlidir ki, artıq doğma Azərbaycanda deyil. Orada onu heç kim tanımır və nəyə qadir olduğunu heç kim bilmir. Əgər burda hardasa yorğunluq hiss edəndə bir balaca məşqini yola vermək olardı ki, onsuzda hamı səni tanıyır. Orada nəinki 100, sən 150% məşq etməlisən ki, onların gözündə etimad qazanasan.

- Rahil "LKS Lodz"dan daha sonra hara gedə bilər, səncə? Almaniya Bundesliqasına getmək şansı yaranar?

- Dediyim kimi, Avropa skautlarının gözünün önündə olması Rahil üçün yaxşıdır. Almaniya, Avstriya, Çexiya, Ukrayna, Serbiya kimi ölkələrə gedə bilər. Polşa Avropanın mərkəzidir. Oradan hər tərəfə getmək olar. Ən azından sezonun sonunda Polşanın daha yaxşı klublarına keçmək şansı çox böyükdü. “LKS Lodz” Rahil üçün əsl start nöqtəsidir. İnanıram ki, o Polşada uzun müddətli qalacaq.

- Vaxtilə sən də Polşaya yollanmışdın, “Diskobliya” ilə müqavilə imzalamışdın. Həmin vaxtlar necə xatirində qalıb?

- Rahildən fərqli olaraq, mən Polşaya gedəndə 21 yaşım olmamışdı. Çox çətin idi. Üstəlik, təcrübəm də yox idi. Gənc yaşda çox şeyi bilmirdim. Tək idim, dil problemi var idi. Mentalitet fərqi, yaşayış tərzi tamamilə fərqli idi. Təsəvvür edin, 21 yaşlı azərbaycanlı ömründə birinci dəfə başqa ölkəyə köçüb və tək yaşayır. Həm də avrokuboklarda çıxış edən klubda futbol oynamaq, komandadakı yaşlı polşalılarla rəqabət aparmaq çox çətin idi. Amma yenə də 2 ilə çempionatda 3-cü yer tutub Polşa kubokunun sahibi olmuşdum. Polşa mənim karyeramda maraqlı və daha çox pozitiv anlardan ibarət olub.

0