Şəhriyar Əliyev: "Digər cütlüklərə baxanda, ən çətin rəqib bizə düşüb" - Müsahibə
02.12.2024 - 17:24
Şəhriyar Əliyev: "Digər cütlüklərə baxanda, ən çətin rəqib bizə düşüb" - Müsahibə

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev apapsort.az saytına müsahibə verib.

- “Turan Tovuz” "Araz-Naxçıvan"la matçda məğlub oldu. Həmin görüşdə qalib gələrək "Araz-Naxçıvan"a bir az da yaxınlaşmaq olardı. Yəqin ki, istədiyiniz də bu idi?
- Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi də yaxşı analiz etmişdik. Bu matçda qalib gələrək "Araz-Naxçıvan"la xal fərqini azaltmaq istəyirdik. Rəqib də düşündüyümüz kimi oynadı. İlk hissədə 1-2 qol epizodumuz oldu. Dəyərləndirə bilmədik. "Araz-Naxçıvan" da bizi əks-hücumda tutdu və qol vurdu. Qarşıdakı turlarda aradakı xal fərqini aradan qaldırmağa çalışacağıq.

- Demək olar ki, öz səhvinizdən uduzdunuz, Emmanuel Hakman topu uzaqlaşdıra bilmədi və qol buraxdınız. Səncə, bəs "Turan Tovuz" özü niyə rəqib qapısı qarşısında qol epizodları yarada bilmədi?
- “Araz-Naxçıvan” müdafiədə sıx oynayırdı. Belə oyunlarda maksimum 2-3 qol epizodu yaradırsan. Çünki rəqib müdafiədə kompakt və düzgün oynayırdılar. İlk hissədə şansımız oldu. Dəyərləndirə bilmədik. Səhvlərimizi aradan qaldıracağıq.

- Artıq bu sezon "Araz-Naxçıvan"a iki matçda da məğlub olmusunuz. Demək olar ki, rəqib sizin üçün uyğunsuz və güclüdür?
- Bəli, “Araz-Naxçıvan” güclü komandadır. Futbolçuların keyfiyyəti yaxşıdır. İki dəfə onlara uduzmuşuq. Amma bəlkə də, iki oyunda da uduzmaya bilərdik. Öz səhvlərimizdən qollar buraxdıq. Rəqiblə aramızdakı oyuna qədər xal fərqini azaltmaq istəyirik. İnanıram ki, bunu bacaracağıq. Hələ iki dəfə onlarla oynayacağıq.

- “Turan Tovuz” hazırda üçüncü pillədədir və “Araz”dan 9 xal geridədir. Yəqin ki, onlara çatmaq bundan sonra çətin olacaq?
- Bəli, 9 xal böyük fərqdir. Amma çempionatın sonuna qədər çox oyun var. Çalışmaq lazımdır ki, hər oyunda maksimum nəticə qazanaq və ən azından bu yerdə qalaq. Liqa çox çətindir, komandalar bir-birinə yaxındır. Həqiqətən də çətin keçir hər şey. 

- “Turan Tovuz" 12-ci turdan bu yana qələbə qazana bilmir. Necə düşünürsən, oyun planında hansısa eniş var, ya sadəcə bəxtiniz gətirmir oyunlarda?
- Qələbə qazanmadığımız oyunlar var. "Qarabağ"la bərabərə qalmışıq, "Sabah"la matç da var. "Sabah" da hər il çempionluğa oynayan komanda olub. "Araz-Naxçıvan"ı da gördünüz, yaxşı komandadır. Bircə autsayder "Səbail"lə matçda xal itirmişik. Amma "Səbail" də həmin oyun yaxşı çıxış etmişdi. Rəqiblər də bizi analiz edir. Bəxt amili deməzdim. Çalışacağıq ki, daha da artıraq, baş məşqçinin tapşırıqlarını yerinə yetirək, xallar qazanaq.

- Ölkə kubokunda 1/8 final mərhələsində rəqibiniz "Sabah"dır. Demək olar ki, kubokda ən çətin rəqib sizə düşüb? "Sabah"ı keçməyiniz nə dərəcədə realdır? 
- Bəli, digər cütlüklərə baxanda, ən çətin rəqib bizə düşüb. "Sabah" da son vaxtlar yaxşı formadadır, günü-gündən daha yaxşıya doğru gedirlər. Bunu oyunları ilə göstəriblər. Onlarla Tovuzda çempionat matçında da oyunlarını göstərdilər. Komandanın yeni baş məşqçisi var. Oyun sistemində dəyişikliklər edir. Çalışacağıq ki, baş məşqçimizin verdikləri tapşırıqları yerinə yetirək və mərhələni keçək. Allah qoysa, 1/4 finala adlayarıq.

- Ümumiyyətlə, "Turan Tovuz"un kubokda hansısa iddiası var?
- Biz həm çempionatda, həm də kubokda bacardığımız qədər yuxarı yerlər üçün oynayacağıq. Sona qədər mübarizə aparacağıq. Kubokda da şansımız varsa, irəliləmək istəyirik. İndi "Sabah"la oyunu fikirləşirik. Bu matçda qalib gəlsək, sonrakı mərhələləri fikirləşmək olar.

0