Şəhriyar Əliyev: “Ən azından üçüncü pillədəki yerimizi saxlamaq istəyirik”
05.01.2025 - 21:11
Şəhriyar Əliyev: “Ən azından üçüncü pillədəki yerimizi saxlamaq istəyirik”

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev apasport.az saytına müsahibə verib.

- Artıq toplanışınız başlayıb. Hazırlıqlar necə gedir?
- Bəli, toplanışımız dünəndən başlayıb. Kollektiv olaraq hamımız birlikdəyik, işləyirik. Şükür Allaha toplanış yaxşı gedir. Ən əsası fiziki durumu yenidən yerinə qaytarmaqdır. Çünki fasilə oldu, 10 günlük istirahət var idi. Hər kəs futbol üçün darıxıb. Onsuz da 2-3 gün məşq etməyəndə adam futboldan ötrü çox darıxır. Yenidən birlikdəyik. Çalışacağıq ki, bu toplanışdan maksimum istifadə edək.

- Premyer Liqa klublarından toplanış üçün yalnız “Turan Tovuz” ölkə xaricinə yollandı. Bunun sizin üçün xüsusi köməyi olacaq? 
- Bakıda da qalsaydıq, həmin məşqləri edəcəkdik, burada çalışırıqsa, yenə onları yerinə yetirəcəkdik. Sadəcə Bakıda elədir ki, hava şəraiti, meydança amili təsir göstərir, bir az çətinlik çəkirsən. Türkiyədə isə elədir ki, həm meydança amili, həm də hava şəraiti yaxşıdır. Bunlar da məşqlərin keyfiyyətinə çox kömək olur. Bu toplanışda yaxşı hazırlaşaraq, geri yaxşı, ideal formada qayıtmağa çalışacağıq.

- Toplanış zamanı artıq bir rəqibiniz bəllidir. Rumıniyanın “Qloriya Buzeu” klubu ilə qarşılaşacaqsınız. Yəqin ki, bu ərəfədə xarici klubla oynamaq da yaxşı olacaq. Təcrübə baxımından...
- Burada oyun sayının çox olması daha yaxşıdır. Əvvəlki dönəmlərə baxanda, liqa bir az tez başlayır. Biz Bakıya qayıdanda bəzi komandalar bura gəlmiş olacaq. Oyunlarımızın sayı da çox olmayacaq. Səhv etmirəmsə, Türkiyədə cəmi iki oyunumuz planlaşdırılır. Oyun sayı nə qədər çox olsa, daha yaxşıdır. Təcrübəli komandalarla oynamaq həmişə müsbətdir. Çalışacağıq ki, Premyer Liqanın ilk turuna qədər tam hazır olaq.

- “Turan Tovuz”un qışda güclənməyə ehtiyacı olduğunu düşünürsən? Səncə, komanda güclənə biləcək?
- Bu yöndə həm məşqçilər korpusu, həm də rəhbərlik var gücü ilə çalışır. Komandaya yeni futbolçular cəlb etmək istəyirlər. Bu da elə prosesdir ki, 5 dəqiqəyə, 5 günə olan məsələ deyil. Daim diqqətdə olan futbolçuları izləyirlər. Hər kəs istəyər ki, həm komandasında güclü futbolçuların sayı çox, həm də rəqabət olsun. Çünki rəqabət olan yerdə inkişaf özünü göstərir. Allah qoysa, komandamıza yeni oyunçular gələr, komandamızın gücünə güc qatar.

- Mövsümü ən azından indiki pillədə başa vurmağınızı real görürsən? Yoxsa, rəqiblər sizə fərqli, daha ciddi yanaşacaq deyə, hər şey daha çətin görünür?
- Həqiqətən də mövsümün ikinci hissəsi çox çətin olacaq. Bəlkə xallarımızın sayını bir az daha artıq edə bilərdik. Fasilədən sonra mövsüm daha çətin keçəcək. Komandalar artıq bir-birini daha yaxşı tanıyır, yeni futbolçular da gələcək. Biz də komanda olaraq sona qədər mübarizə aparmağa çalışacağıq. Ən azından üçüncü pillədəki yerimizi saxlamaq istəyirik. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

- Mövsümün ikinci yarısına Qərb derbisi ilə başlayacaqsız. Bu yaxşıdır, yoxsa necə?
- "Kəpəz"in xal sayı az olsa da, derbi oyununa çox ciddi yanaşırlar. Onlarla oyunlarımız hər zaman çox ağır olub. Bu dəfə də eyni cür keçəcək. Hər halda, söhbət Qərb derbisindən gedir. Həmin oyuna qədər çalışacağıq ki, tam formaya düşək. "Kəpəz"in də oyunlarını izləyirik. Son turlarda qazandıqları xallar göstərir ki, rəqibin həm keyfiyyəti var, həm də yaxşı komandadır. Çalışacağıq ki, yaxşı hazırlaşaq. Səfər matçı olsa da, Tovuzda oynayacağıq. Maksimum xal qazanaraq xallarımızın sayını artırmaq istəyirik ki, üçüncü pillədən qopmayaq.

0