“Gündəlikdə bir məsələ var idi. O da Canni De Byazinin hesabatının dinlənilməsi və gələcək taleyi ilə bağlı müzakirənin aparılması idi.
Apasport.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Hacıyev qərarın De Byazi tərəfindən alındığını qeyd edib: Məlumat üçün onu bildirim ki, Canni De Byazi iclasda iştirak etdi və qısa olaraq nəticələr barədə müəyyən məlumat verdi. Ondan sonra öz xahişi ilə bildirdi ki, bundan sonra Azərbaycanda fəaliyyətini dayandırır və müqavilənin uzadılmamasını xahiş edir. Canni De Byazi dinlənildi və AFFA İK üzvləri daxildə müzakirə apardılar. Son üç ildə onun vaxtında millinin nəticələri də nəzərə alındı. Ümumi məsələlər də müzakirə olundu və İcraiyyə Komitəsinin üzvləri tərəfindən də belə qənaətə gəlindi ki, müqavilənin uzadılmaması qəbul olunsun. Bu da o deməkdir ki, Canni De Byazi ilə müqavilə uzadılmayacaq”.
- De Byazi özü bunu etməsə, İcraiyyə Komitəsi müqaviləni uzatmağı düşünürdü?
- Bu suala cavab vermək çətindir. Çünki bir az başqa istiqamətdə hadisələr cərəyan edəcəkdi. Prosedur var və ilk növbədə baş məşqçinin hesabatı dinlənilməlidir. Onun hesabatı dinlənildiyi zaman özü tərəfindən bu cür xahiş olundu. Xahiş olmasaydı, İK hansı qərarı verəcəkdi, mənim üçün bunu demək çətindir.
- Hamı gözləyirdi ki, İK qərar verəcək, amma görünür ki, De Byazi özü xahiş edib. İclasın da 10 dəqiqəsindən sonra AFFA-nın binasını tərk edib...
- Öz fikrini bildirsə də, İK müəyyən müzakirələr apardı. Sonda İcraiyyə Komitəsi də belə qərara gəldi ki, müqavilə uzadılmaması ən düzgün addımdır.
- İtaliyalı məşqçi iclasdan 10 dəqiqə sonra AFFA-nın binasını tərk etdi. Amma iclas 1 saat getdi. Başqa nələr müzakirələr edildi?
- Gələcəklə bağlı onu deyə bilərəm ki, xüsusi işçi qrupu yaradılacaq. Orada İcraiyyə Komitəsindən də müəyyən üzvlər olacaq. Ehtimal var ki, kənardan da müəyyən mütəxəssislər cəlb olunsun və həmin işçi qrupu tərəfindən baş məşqçi postuna müəyyən təkliflər verilsin. Əlbəttə ki, detallı şəkildə hər bir amillər nəzərə alınaraq, analiz olunacaq. Ondan sonra təkliflər İcraiyyə Komitəsində yenidən müzakirəyə çıxarılacaq və qərar veriləcək. İşçi qrupunun üzvləri ilə bağlı bu dəqiqə məlumat verə bilmirik. Yaxın zamanlarda məlumat veriləcək.
- Uzun illərdir ki, əcnəbilər millimizi çalışdırır. Yerli məşqçilər üzərində dayanmağın vaxtı deyil? Bu barədə iclasda müzakirələr aparıldı?
- İclasda müxtəlif fikirlər səsləndirildi. Bu barədə fikir mübadiləsi də aparılırdı. İcraiyyə Komitəsinin üzvləri tərəfindən müxtəlif fikirlər səsləndirildi. Siz dediyiniz fikrə də uyğun fikirlər səsləndirildi.
- Baş məşqçi məsələsinə nə vaxt aydınlıq gətiriləcək?
- Növbəti oyunumuz martdadır, o da yoldaşlıq oyunudur. Məqsədimiz odur ki, həmin yoldaşlıq matçlarından bir neçə ay öncə artıq baş məşqçi məsələsi həllini tapsın. Hələ ki, bunun üçün son tarix qoyulmayıb. Lakin düşünürəm ki, yaxın bir-iki ay ərzində məsələ öz həllini tapacaq.
- Yanvarda İK-nin iclası olsa, qərar artıq qəbul olunmuş olacaq?
- Bu dəqiqə 100 faiz heç nə deyə bilmərəm. Amma ehtimal var ki, belə olsun. Çünki baş məşqçiyə də vaxt verilməlidir ki, martdakı oyunlara hazırlaşsın.
- Yeni baş məşqçi seçilərkən, hansı kriteriyalar əsas götürüləcək? Əsas məsələ ad olacaq?
- Xeyr, ad məsələsi əsas kriteriya kimi götürülməyəcək. Müzakirələr əsasında onu deyə bilərəm ki, yerli mentaliteti və yerli futbolçuları tanıyan, daha çox yerli mədəniyyətə uyğun namizədin tapılması vacib kriteriyalardan biridir.
- O zaman belə çıxır ki, yerli mütəxəssislərin şansı daha yüksəkdir?
- Bu dəqiqə 100 faiz nəsə demək çətindir. Amma millinin yeni baş məşqçisinin yerli olma ehtimalı az deyil.
- Canni De Byazinin mətbuatla bağlı dedikləri iclasda müzakirə edildi? Qınaq kimi ona nəsə deyildi?
- Bəli, bu məsələ də müzakirə olundu və qınanıldı. Belə halların olması İcraiyyə Komitəsi tərəfindən birmənalı şəkildə pislənildi.
- Canni De Byazi deyir ki, üç ildə yığma inkişaf etdi. Bəs İcraiyyə Komitəsi bu barədə nə düşünür?
- Canni De Byazi dinlənildi və müzakirələr aparıldı. İcraiyyə Komitəsi onunla müqavilə uzadılmamasına qərar verəndə, təbii ki, millinin De Byazinin vaxtındakı nəticələri də nəzərə alınmışdı.