Rusiyanın “SKA-Xabarovsk” klubunda çıxış edən Kamran Əliyev apasport.az saytına müsahibə verib.
- “SKA-Xabarovsk” 17 turdan sonra 21 xalla 12-ci yerdədir. Bu nəticə sizi qane edir, yoxsa daha yaxşı nəticə gözləyirdiniz?
- Hər oyuna qələbə üçün çıxırıq. Hamımız turnir cədvəlində mümkün qədər yüksəklərə qalxmaq istəyirik. Buna görə də mübarizə aparırıq. Premyer Liqada oynamaq arzusundayıq.
- Sizcə, Premyer Liqaya çıxmaq şansınız nə dərəcədədir?
- Komandamıza və gücümüzə inanıram. Mövsüm hələ davam edir və hər şey ola bilər. Biz hər oyuna maksimum istəklə çıxırıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.
- Maraqlıdır ki, komanda yoldaşların arasında iki azərbaycanlı var: İslam İmamov və Sadik Bağıyev. Onlarla münasibətiniz necədir, aranız yaxşıdır?
- Təbii ki, hər ikisi ilə çox yaxşı münasibətim var. Onlarla ünsiyyətdə oluruq, yaxşı münasibətlərimiz var. Hətta sizə deyim ki, biz daha çox Azərbaycan dilində danışmağa çalışırıq.
- Bir vaxtlar Azərbaycan millisində oynamaq imkanınız olub. Amma bu baş vermədi. Bundan sonra çətin ki, baş versin, yoxsa hələ də Azərbaycan millisindən dəvət gözləyirsiniz və düşünürsünüz ki, dəvət gələ bilər?
- Mən azərbaycanlıyam. Bəli, mən Rusiyada, Rusiya futbolunda böyümüşəm. Hər halda, mən hələ də doğma vətənim üçün oynamağa hazıram. Nə vaxt dəvət gələrsə, o zaman bu haqda daha geniş danışmaq olar. Belə, mən hazıram.
- Sizcə, Fernandu Santuş Rusiya Birinci Liqasında çıxış edən futbolçunu milliyə dəvət edərdi?
- Bu barədə bir söz deyə bilməyəcəm. Bunu Fernandu Santuşun özündən soruşmaq lazımdır (gülür). Artıq dediyim kimi, Azərbaycan millisində oynamağa hazıram.
- Komanda yoldaşlarınız İslam İmamov və Sadik Bağıyev haqqında nə düşünürsünüz? Sizcə, onlar Azərbaycan millisinə kömək edə biləcəklərmi?
- Hər şey birdən baş vermir. Ancaq daha da güclənəcəklər. Əminəm ki, Azərbaycan millisinə faydalı olacaqlar. Mən onlarla komanda yoldaşıyam və onların yaxşı oyunçular olduğunu bilirəm.
- Azərbaycan Premyer Liqasından sonra Rusiya Birinci Liqasına alışmaq çətin olmadı ki? Rusiya Birinci Liqasının oyunlarında ab-hava Azərbaycan Premyer Liqası oyunlarının ab-havasından yaxşıdır?
- Adaptasiya ilə bağlı heç bir problem yox idi. Artıq Rusiyanın Birinci Liqasında çıxış etmişəm. Bu yaxınlarda Kalininqradda “Baltika” ilə oynadıq, stadionda 20 minə yaxın azarkeş var idi. Əsl futbol ab-havası, təmiz həyəcan idi. Amma belə, hər iki liqa maraqlıdır. İndi Rusiyada oynayıram və konkret bura fokuslanmışam.