"Millinin çıxışında dəyişən heç nə yoxdur. Eyni üslubda müdafiə futbolu oynayırıq".
Bu sözləri apasport.az saytına açıqlamasında millinin sabiq futbolçusu Mahir Şükürov deyib.
Keçmiş müdafiəçi milli komandamızın Dünya çempionatının seçmə mərhələsində Fransaya 1:3 hesabı ilə məğlub olduğu matçı belə dəyərləndirib:
"Ötən gün Fransa millisi sanki təlim məşq toplanışına gəlmişdi. 3:1 məğlub olduq. Hesab baxımından normaldır. Amma oyun olaraq eynisini demək çətindir. Komandamız 90 dəqiqə müdafiədə oturdu. Gərək futbolçularımız hücumda oynayardı. Rəqib də buna imkan yaradırdı. Müdafiədə oturmağa ehtiyac yox idi. Hesab 1:3, 1:4, 1:5 olsun, fərq etmirdi, çünki hamı Fransa yığmasının güclü rəqib olduğunu bilirdi. Fransızlar əsas heyətlə çıxış etmirdi. Bu səbəblə həmin komandaya qarşı oynamaq lazım idi. Meydana xeyli azarkeş gəlmişdi. Stadionu doldurmuşdular. Milli komandanın oyununda bu qədər azarkeş hələ yadıma gəlmir. Azarkeşlərin dəstəyi ilə oynamaq lazım idi. Sadəcə rəqibin adından çəkinib müdafiədə oturduq. Kənardan pis görünürdü".
Mahir Şükürov ilk gündən Ayxan Abbasovu dəstəklədiyini bildirib:
"Bu dəqiqə ondan heç nə gözləmək olmaz. Ona görə ki, elə oyunçularımız yoxdur ki, Ayxan Abbasov sehrli çubuğunu tərpətsin, milli komanda nəticə göstərsin. Bir-birimizi aldatmağa ehtiyac yoxdur. Millidə inkişaf yoxdur. Ona görə ki, legioner limitinin ləğvindən sonra Azərbaycan çempionatında yerli futbolçular oynamır. Bu da beynəlxalq yarışlarda çətinlik yaradır. Ona görə də bir-birimizi aldatmağa ehtiyac yoxdur. Heç bir inkişafdan söhbət gedə bilməz. Bircə klub səviyyəsində "Qarabağ"da inkişaf var. Başqa heç birində. Aşağı yaş qruplarında millilərimiz rəqiblərinə 6:0, 7:0 hesabı ilə məğlub olur. Sonra həmin uşaqlar gəlir əsas milliyə eyni hadisələr burada da baş verir. Zaman keçdikcə əsas millidəki futbolçular yaşlanır, onların yerinə gələn futbolçular da olmur".
O, əvvəlki dövrdə millidə daha yaxşı futbolçuların olduğunu söyləyib:
"İstər bizdən əvvəlki, istərsə də bizim dövrdə yaxşı futbolçular var idi. Sadəcə bizi düzgün istiqamətləndirmədilər. Bizə o vaxt deyirdilər ki, 1:0, 2:0 uduzmaq yaxşı göstəricidir. Topu vurun qabağa. Sonradan Berti Voqts gəldi, başqa məşqçilər gəldi onlar bizi düzgün istiqamətləndirməyə başladılar".
Veteran futbolçu milli komandanın hazırki durumunu aşağı yaş qruplarındakı vəziyyətlə əlaqələndirib:
"Millinin yaş qruplarına rəhbərlik edən məşqçilərin hamısı bisavaddır. Futbol oynamayıblar. Kiminsə adamıdır, gətiriblər bura. Həmin məşqçilər necə ötürmə etmək lazımdır özləri bilmirlər. Uşaqlara nə öyrədəcəklər? Mən oynadığım vaxtlarda həmin futbolçuları beynəlxalq oyunlarda meydana 10-15 dəqiqə buraxırdılar. Topu ötürüb gizlənirdilər. Yaş qruplarında karuseldir. O qədər pro kateqoriyalı məşqçilərimiz var ki.. Onları işlətməyəcəkdinizsə, niyə camaata boşuna pro kateqoriyası verilirdi?"
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin son oyununda Fransa yığmasına 3:1 məğlub olub.