“Sumqayıt”ın Müşahidə Şurasına yeni sədr seçildi
01.12.2023 - 19:52
“Sumqayıt”ın Müşahidə Şurasına yeni sədr seçildi

Bu gün "Sumqayıt" Futbol Klubunun (FK) Müşahidə Şurasının (MŞ) iclası keçirilib. Apasport.az xəbər verir ki, "Azərkimya" İstehsalat Birliyinin inzibati binasında keçirilən iclası MŞ sədri Abdulla Məmmədov açıb.  

O, gündəlikdə duran məsələlərlə bağlı iclas iştirakçılarına məlumat verdikdən sonra klub prezidenti Riad Rəfiyev "Sumqayıt" FK-nın ötən təqvim ilindəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edib. Klub prezidentinin təqdimatının ardınca Məmmədov şəxsi işləri ilə əlaqədar MŞ-da təmsil olunmaq istəməyən Azərkimya İB-nin Həmkarlar İttifaqının sədri Aydın Xəlilov və keçmiş baş direktoru İmran Arzumanzadənin əvəzinə Birliyin baş direktoru Elnur Məmmədli və SOCAR-ın Aparat rəhbərinin müavini Ayxan Əliyevin MŞ-yə qəbul edilməsini təklif edib. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

 Daha sonra Məmmədov digər işləri ilə əlaqədar sədr vəzifəsindən istefa verdiyini, fəaliyyətinə sıravi üzv kimi davam etmək istədiyini, sədr kimi isə Elnur Məmmədlinin namizədliyini təklif etdiyini bildirib. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

 MŞ-in yeni tərkibi və sədri müəyyənləşdikdən sonra klubun gələcək planları, qarşıdakı hədəflər və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.  

 

0