Taekvondo üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib
05.04.2024 - 19:14
Taekvondo üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib

İlk dəfə təşkil olunan kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda baş tutub.

Mərasimdə Dünya Taekvondosunun prezidenti Çunqvon Çu, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Koreyanın Azərbaycadakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq iştirak ediblər.

Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra yarışda iştirak komandalar təqdim olunub.

Mərasimi giriş sözü ilə açan Dünya Taekvondosunun prezidenti Çunqvon Çu yarış iştirakçılarına uğurlar arzulayıb:

“Təşkilatçılığa görə Azərbaycana təşəkkür edirəm. Hər şeyi əla bacarmısınız. Taekvondo bütün dünyada geniş yayılmış idman növlərindən biridir. Dünya Taekvondosu bu idman növünün xüsusi ilə uşaqlar və gənclər arasında yayılmasına təkan verərək, bu istiqamətdə bir çox yeniliklərə imza atır. Gələn ilin fevralında Dünya Taekvondo çempionatı baş tutacaq. Bu yarışda qalib olanlar növbəti il həmin çempionatda iştirak etmək hüququ əldə edəcəklər”.

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov bildirib ki, Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır:

“Ölkəmizdə idmana və idmanın inkişafına xüsusi önəm verilir. Həmçinin Azərbaycanda taekvondo idman növü də xüsusi olaraq inkişaf edir. İlk dəfə keçirilən kiçikyaşlılar arasında Azərbaycan çempionatı onu deməyə əsas verir ki, artıq taekvondo uşaqlar arasında da sevilən idman növüdür. Ümid edirəm ki, bu gün burada iştirak edən idmançılarımız gələcəkdə böyük arenalarda mübarizə aparacaqlar”.

Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq yarışın Azərbaycanda ilk dəfə keçirilməsini müsbət amil kimi qarşılayıb. O qeyd edib ki, bu, ölkədə taekvondonun inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, Azərbaycan birinciliyinə 20 çəki dərəcəsində 446 taekvondoçu qatılıb.

0