Tahir Gözəl: "Bu il Azərbaycanı Avropada layiqincə təmsil etdik"
26.12.2023 - 21:49
Tahir Gözəl: "Bu il Azərbaycanı Avropada layiqincə təmsil etdik"

Gənclər və İdman Nazirliyinin (AGİN) ilin idman yekunlarına dair keçirdiyi tədbirdə iştirak edən "Qarabağ" futbol klubunun prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az klub rəsmisinin fikirlərini təqdim edir:

2023-cü ili necə dəyərləndirirsiz?

- Futbol çox ağır işdir. Şükürlər olsun ki, bu il Azərbaycanı Avropada layiqincə təmsil etdik. İlk dəfə Avropa Liqasında qrupdan çıxdıq. Bu, tək mənim deyil, hamının zəhmətidir. Ən böyük uğurunuz isə Xankəndidə oyun keçirməkdir. Xoşbəxtəm.

Avropa Liqasında hədəfiniz nədir?

- İnanırıq ki, möhtəşəm mübarizə aparacağıq. Qarşımızdakı rəqib çox güclüdür. Digər potensial rəqiblərə baxanda bəlkə də "Braqa" nisbətən uyğun hesab oluna bilər. Amma əslində qarşımızdakı komanda iqtisadi cəhətdən bizdən onqat güclüdür. Qurban Qurbanovla görüşdük. Çox əzmkar mübarizə göstərəcəyik. Gedə biləcəyimiz yerə qədər gedəcəyik. Bəlkə də, qismət olsa, "Qalatasaray"la yarımfinalda oynayarıq.

Transfer məsələsini baş məşqçi ilə müzakirə etmisiz?

- Qurban müəllimlə həmişə danışırıq. Onun məsləhət gördüyü hər şeyi etməyə çalışırıq. Hazırda transferlə bağlı mənim bildiyim yeni xəbər yoxdur. Qurban Qurbanov nə zaman qərar versə, rəhbərlik olaraq onu etməyə hazırıq.

0