Tahir Gözəl: “Qarabağ” millinin uğurları üçün real iş görməlidir” – MÜSAHİBƏ®
17.05.2022 - 19:39
Tahir Gözəl: “Qarabağ” millinin uğurları üçün real iş görməlidir” – MÜSAHİBƏ®

“Qarabağ”ın prezidenti Tahir Gözəl Azərbaycan Premyer Liqasında qazandıqları 9-cu çempionluq münasibətilə təşkil olunan tədbirdə jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə klub rəhbəri eyni zamanda gələcək planlardan söz açıb.

- “Qarabağ” artıq Premyer Liqanın qalibidir və ölkə kubokunun finalındadır. Başa çatmaqda olan mövsümlə bağlı təəssüratlarınız necədir?
- Bu böyük qalibiyyətə görə klubumu təbrik edirəm. Mənim üçün ən sevindirici hadisə odur ki, bu, “Qarabağ”ın torpaqlarımız işğaldan azad olunduqdan sonra qazandığı ilk çempionluqdur. İlk kubokumuzu qaldırdıq. Hansı ki, 2001-ci ildən səsləndiririk ki, xəyalımız Qarabağa getmədir, bunu öz vətənimizdə qeyd etməkdir. Artıq bunu edirik. Bu bir möcüzədir, Cənab Prezidentimizin, xalqımızın şücaəti, cəsarəti ilə qazandığımız nailiyyətdir. İndi də bir möcüzə, xəyal içində yaşayırıq. Mən hələ də inanmaqda çətinlik çəkirəm. Şükürlər olsun ki, buna nail olduq. Buna görə də, heç vaxt unudulmayacaq qalibiyyətdir. “Qarabağ” tarixində ilklərə imza atmış klubdur. Arzum odur ki, bu stabilliklə, təcrübə ilə Çempionlar Liqasında növbəti dəfə sürpriz edək və mərhələləri keçməklə yenə ilkə imza ataq. Mənim arzum budur.

- Komandanız növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. Transfer fəaliyyəti barədə məlumat verə bilərsiniz?
- Xaricdən təzə gəlmişəm. Bu yığıncaqdan sonra baş məşqçi Qurban Qurbanovla görüşlərimiz olacaq. Bizdə tamamilə peşəkar idarəetmə sistemi var. Qurban müəllimin təkliflərini qiymətləndirəcəyik. Amma vaxtımız çox azdır. Vaxt bizə radikal dəyişikliklərə icazə vermir. Bəzi futbolçularımızla yeni müqavilə məsələsini müzakirə edirik. Onlarla danışığın alınıb-alınmaması həyəcanı var. Amma güman edirəm ki, komandamızın əsası formalaşıb. Növbəti mövsüm də iddialı olacağımıza inanıram. Sizinlə bir ürək sözlərimi də bölüşmək istəyirəm. Yəqin bundan sonra necə olacağı hamını maraqlandırır. Çempionlar Liqasına vəsiqə qazandıq, “Qarabağ” buralara gəldi. Bu mənəvi gündə Qurban hoca ilə söhbətimiz oldu. Bu bir reallıqdır ki, “Qarabağ” Azərbaycan millisinə ən çox futbolçu verən klubdur. Amma Azərbaycan yığmasının layiq olduğu, ümid etdiyimiz uğurları qazandığına inanmıram. Bu yöndə görməli olduğumuz çox işlər var. Qurban hocaya, “Qarabağ” klubuna məsləhət görürəm ki, bundan sonra Azərbaycan yığmasının uğurları üçün öz futbolçularımızın yetişməsində real iş görülməlidir. Artıq özümüzə qayıtmalıyıq. Qarşıdakı 3-5 il ərzində qarşımıza mütləq hədəf qoyacağıq ki, “Qarabağ” Azərbaycanın ən böyük klublarından biri kimi, artıq milli komandanın inkişafında öz məsuliyyətini hiss etməli, ona görə oynamalıdır. Cavan futbolçular yetişdirməliyik. Önümüzdəki 5 illik hədəf Çempionlar Liqasında neçə mərhələ keçmək yox, öz istedadlarımızı yetişdirmək olacaq. Əlbəttə ki, oradakı iddiamızı da davam etdirəcəyik.

- Ağdamda yeni stadionun tikilməsi nəzərdə tutulur. Bu barədə klub səviyyəsində müzakirəniz olub?
- Hamımız gördük ki, Ermənistan o torpaqları necə talan edib. Ora illərlə investisiyadan, maraqdan, proqramdan uzaq, inkişafdan məhrum olub. Cənab Prezidentimizlə dekabrdakı görüşümüzdə özü nazirliklərə stadionun tikilməsi ilə bağlı tapşırıq verdi. Mən də dəvət olundum, orada idim. Mən də “Qarabağ” klubu olaraq əlimizdəki bütün imkanlarla, təcrübələrlə bu yolda canla-başla işləyəcəyimizi dedim. Biz hazırıq. Əminəm ki, orada tezliklə çox gözəl stadion tikiləcək, möhtəşəm abadlaşma işləri gedəcək. Klubumuzun oyunların hamısını orada keçirməsi məsələsini hələ müzakirə etməmişik. Ancaq ən böyük arzum hamının ruhuna təsir edəcək əsas oyunlarımızı orada keçirməkdir.

- Aşağı yaş qrupu komandalarının çoxu fərqli meydançalarda çıxış edir. Növbəti illərdə “Qarabağ” klubunun yeni akademiyasının tikintisi nəzərdə tutulurmu?
- Bu hədəfləri artıq qarşımıza qoymalıyıq. Futbolumuz, hara gedir, biz hara gedirik? Futbol bir millətin, ictimaiyyətin aynası, bir xalqın iradəsidir. “Qarabağ” diplomatik və idman missiyasını yerinə yetirdi. Ancaq öz istedadlarımızı üzə çıxara bilməsək, mütləq qalibiyyətdən söhbət gedə bilməz. Sizinlə razıyam. Bu, həm də texniki cəhətdən investisiyalardır. Qurban hoca ilə bu məsələdə razıyıq ki, hər şeyi başdan fikirləşməliyik, tam radikal addımlar atılmalıdır. Necə ki, vaxtilə “Rusenburq”la oyundan sonra qarşımıza hədəf qoyduq ki, avrokubokların qrupunda yer alacağıq, həmin iradə ilə, gənclərimizi yetişdirməklə milli komandamızı qələbələrə aparmalıyıq.

- Belə çıxır ki, əcnəbi futbolçuların gətərilməsində çox maraqlı olmayacaqsınız?
- Bunun “Qarabağ”ın siyasətinə aidiyyəti yoxdur. Bu gün biz buna hazır deyilik. Əcnəbilərsiz qalmaq bizə zərbə olar. Biz onlarla da fəxr edirik. Amma söhbət bu sualdan gedir: futbolumuz millətimizin, ictimaiyyətimizin aynasıdırmı və biz kimik? Londonda gəzəndə deyirəm ki, azərbaycanlıyam. Bildirirlər ki, sizə halal olsun, qoçaq millətsiniz, vuruşansınız, futbolunuzu gördük. Futbolçularımızla bu qüruru yaşamaq istəyirəm. “Qarabağ”ın oyununa bir şey demirəm. Amma milli komanda oynayanda oradakı insanlara verdiyimiz eşq, ilham başqa səviyyədədir. Hesab edirəm ki, Azərbaycanın ən qabaqcıl klublarından olan “Qarabağ” bu məsuliyyəti daşımalıdır.
 

0