"Təcrübəsiz kimi görünsək də, bütün gücümüzü meydanda qoyacağıq"
23.07.2025 - 20:48
"Təcrübəsiz kimi görünsək də, bütün gücümüzü meydanda qoyacağıq"

"Oyunun mahiyyətini hamı dərk edir. Matça yaxşı hazırlaşmışıq. Ümidliyik, inamlıyıq. Futbolçularım sabah meydanda ən yaxşısını etməyə çalışacaq. Yaxşı komandayıq. Təcrübəsiz görünə bilərik. Amma komandam özünə inanır".

Apasport.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"ə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

- Sizi narahat edən nədir?

- Yaxşı hazırlıq keçmişik. Daha artığını etməyə gücümüz var.

- "Araz-Naxçıvan"ın heyətində avrokubok təcrübəsi olan futbolçular var. Sizcə, bu amil oyuna müsbət təsir edə bilər?

- Komanda Konfrans Liqasında yeni ola bilər. Amma heyətdə olan futbolçular dəfələrlə belə yarışlarda iştirak ediblər. Yaxşı oyunçulara sahibik. 

- Transfer fəaliyyətindən razı qaldız? İstədiyiniz futbolçuları gətirə bildiz?

- Sərəncamımda olan futbolçuların hamısını mən bəyənmişəm. Hamısı mənim oyun fəlsəfəmə uyğundur. Yoxlama oyunlarında öz ustalıqlarını göstərməyə çalışırdılar.

- Yeni oyunçular komandaya uyğunlaşa bilib?

- Yaxşı kollektivimiz var. Uyğunlaşma baxımından heç kimin sıxıntısı yoxdur.

- Azarkeşlərə nə demək istəyirsiz?

- Bizi dəstəkləsinlər. Onları sevindirməyə çalışacağıq.

- Mövsüm başlamadan öncə Naxçıvana gedib azarkeşlərlə görüşməyi düşünürsüz?
- Biz də onları görmək istəyirik. Sıx qrafikdəyik. Bizim təlim-məşq toplanışında naxçıvanlı azarkeşlər iştirak edirdi. Onlarla görüşmüşük. Nə vaxtsa Naxçıvana qayıdacağıq. İndiki durumda daha çox komandaya diqqət ayırırıq.